Qərbi Azərbaycan İcması ATƏT-in yüksək səviyyəli tədbirində təmsil olunub

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı institutunun təsis edilməsinin 30 illiyi münasibətilə iyulun 7-də Avstriyanın Vyana şəhərində keçirilmiş yüksək səviyyəli tədbirdə İcmanın adından iştirak edib.

İcmadan  bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanı, Baş katibi Helqa Şmid, Milli Azlıqlar üzrə Ali Komissarı Kayrat Abdraxmanov, iştirakçı dövlətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ATƏT məkanında milli azlıqların hüquqlarının qorunması sahəsində vəziyyət, bu sahədə iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə yetirməsi və milli azlıqların hüquqlarının qorunması ilə sülh və təhlükəsizlik arasında əlaqə kimi məsələlər müzakirə olunub. Tədbirdə, o cümlədən milli azlıqlar mövzusunda ATƏT-in tövsiyələrinin yerinə yetirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qərbi Azərbaycan İcmasının sədr müavini R.Həsən müzakirələrə öz töhfəsini verib. Ermənistandan azərbaycanlıların qovulması barədə məlumat verən İcma nümayəndəsi, Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən, ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu vurğulayıb. R.Həsən Ermənistanın öz ərazisindən azərbaycanlıları qovub, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqları ilə spekulyasiya etməsinin ATƏT-in dövlətlərarası münasibətlərdə Milli Azlıqlar üzrə Bolzano/Bozen Tövsiyə Sənədində də qınandığı kimi, ikili standart olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, bu, Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatın tədbirində rəsmi təmsil olunduğu ilk hal idi.

“İcma özünün insan hüquqları gündəliyinin beynəlxalq səviyyədə təşviqi üçün ATƏT və digər beynəlxalq təşkilatların müvafiq fəaliyyətlərində iştirakını davam etdirəcək”, – deyə Qərbi Azərbaycan İcmasının məlumatında vurğulanıb.