Qərbin əlində alətə çevrilən Beynəlxalq Qırmızı Xaç Komitəsi

Prezident İlham Əliyevin mövqeyi dəyişməzdir və dediyi hər bir söz həmişə reallığa çevrilib. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxladığı dövrdə dövlətimizin başçısı bütün beynəlxalq tədbirlərdə suveren ərazilərimizin bütövlüyü ilə bağlı məsələnin müzakirə mövzusu olmadığını və xalqımızın heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağını bildirirdi. Amma beynəlxalq ictimaiyyət münaqişənin müharibə yolu ilə həllinin olmadığını bildirərək torpaqlarımızın Ermənistan tərəfindən işğalını əbədiləşdirməyə çalışırdı. Üç il əvvəl isə Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz 44 gündə döyüş meydanında torpaqlarını işğaldan azad etməklə Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-siyasi yolla həll oluna biləcəyini sübuta yetirdi. O cümlədən Qələbədən sonra müharibənin bitdiyini elan etməyimiz digər məsələlərin siyasi yollarla həlli üçün yaratdığımız imkandır. Amma Ermənistan müharibənin başa çatdığı ilk dövrdə razılaşmalara əməl etdiyini nümayiş etdirsə də, sonradan bununla, əslində, vaxt qazanmaq üçün çalışdığını göstərdi. Belə ki, Ermənistan silahlı qüvvələri şərti sərhəddə, qanunsuz dəstələr isə Qarabağ iqtisadi rayonunda gərginliyi artırdı, mütəmadi olaraq mövqelərimizi atəşə tutdu.

Eyni zamanda, aprelin 15-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində ermənilər tərəfindən hərbçilərimizə atəş açılmasından sonra Laçın yolu Ermənistandan daşımalar üçün bağlandı.

Dövlətimiz isə yenə də humanistlik göstərərək Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən xəstələrin və həyat üçün vacib olan vasitələrin daşınmasına icazə verdi. Ermənistan isə Laçın yolunun qarşısında Azərbaycanın icazəsi olmadan Fransanın avtomobil karvanını yığaraq saxta humanitar şou yaratmaqla beynəlxalq ictimaiyyəti regiona cəlb etməyə çalışdı, bununla da əvvəllər əldə olunmuş razılaşmalara kölgə saldı. Azərbaycan isə bəyan etdi ki, Laçın yolu ancaq Ağdam –Xankəndi yolunun tam açılışından sonra fəaliyyət göstərə bilər.

Bu sözləri   Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) təşkilatçılığı ilə ilkin olaraq 40 ton undan ibarət humanitar yardım Xankəndiyə çatdırılması üçün Ağdam yolu ilə göndərildi. Artıq 13 gündür ki, separatçılar Ağdam-Əsgəran yolu vasitəsilə yardımı qəbul etməyəklərini bildirərək, Laçın yolunun açılmasını istəyirlər. Bununla əlaqədar Fransa Prezidenti Emmanuel Makron və ABŞ dövlət katibi Antoni Blinken də Prezident İlham Əliyevlə telefon əlaqəsi saxladı və Laçın yolu ilə bağlı məsələ müzakirə olundu. Prezident İlham Əliyev A.Blinkenə və E.Makrona Azərbaycanın dəyişməz mövqeyini bir daha izah etdi, Laçın yolunun ancaq Ağdam-Xankəndi yolu açılandan sonra ölkəmizin qanunlarına uyğun fəaliyyət göstərə biləcəyini bildirdi.

“Sentyabrın 9-da Rusiya Qızıl Xaç Cəmiyyəti (RQXC) və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) arasındakı razılaşmaya uyğun olaraq bir yük avtomobili Xankəndiyə göndərilmək üçün Samur sərhəd-keçid məntəqəsindən keçərək Ağdam-Əsgəran yoluna istiqamətləndi. Bu yüklər Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə çatdırılmalı idi. Amma Rusiya QXC-nin yükü də Ağdam yolunda gözləyir və buraxılmır. Bu o deməkdir ki, yüklərin daşınması üçün hansı ölkələrə aid olması əsas şərtdir. İlk baxışda humanitar təşkilatların eyni Konvensiya altında fəaliyyət göstərdiyi görünsə də, reallıqda selektiv yanaşmalar mövcuddur və Xankəndiyə humanitar yükü göndərdiyinə görə Rusiya QXC-yə təzyiqlər göstərilir. Bu, bir daha Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsl məramını üzə çıxarır. Biz bunu 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdik. O vaxt BQXK erməni silahlılarını Füzulidən çıxarmağa cəhd göstərmiş və kəşfiyyat məlumatları toplayaraq düşmənə ötürmüşdü. Müharibə başa çatandan sonra da BQXK Ermənistandan Xankəndiyə intensiv şəkildə daşımalar həyata keçirirdi. Amma bu yüklər yoxlanılmadığından avtomobillərdə nələrin daşındığı suallar doğurur.

İndi də BQXK Xankəndiyə “ancaq Ermənistandan humanitar yüklərin daşına bilər” kimi fikir ortaya qoyur. Bu, humanitar yardımlarla bağlı neytral fəaliyyətlə məşğul olmalı olan beynəlxalq təşkilatın siyasi məsələlərdə alətə çevrildiyinin sübutudur. Əgər BQXK-nın məramı ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsindən ibarətdirsə, onun hansı istiqamətdən gətirilməsinin nə əhəmiyyəti var? Amma hadisələrin inkişafı bir daha sübut edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Qərbin əlində siyasi manipulyasiyalar üçün alətə çevrilib. BQXK-nın ofisi birmənalı şəkildə bilməlidir ki, hətta Ağdam-Xankəndi yolu açıldığı təqdirdə belə onlar öz emblemi altında əvvəllər olduğu kimi çirkin niyyətlərini davam etdirə bilməyəcəklər”,- deyə A.Badamov vurğulayıb.

O əlavə edib ki, Ağdam–Xankəndi yolunun açılması heç də bizi torpaqlarımızda separatçı rejimin mövcudluğunun qarşısını almaq fikrindən daşındırmır. Sentyabrın 9-da qondarma qurumda “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasına ziddir. Həmçinin dünya ictimaiyyəti də “seçkilər”in legitim xarakter daşımadığını bəyan etdi. Xankəndi Azərbaycanın suveren ərazisidir və bu gün orada fəaliyyət göstərən qondarma qurumlar buraxılmalıdır. O cümlədən Qarabağda Ermənistanın maliyyələşdirdiyi qeyri-qanuni hərbi birləşmələr tərksilah olunaraq ərazilərimizi tərk etməlidir. Azərbaycanın mövqeyi dəyişməzdir və yaxın zamanlarda Bakı ilə Xankəndi arasında dialoq vasitəsilə normallaşma prosesi baş tutmazsa, anti-separatizm əməliyyatı başlana bilər. Azərbaycan normallaşma prosesini həmişə olduğu kimi dialoq və danışıqlar yolu ilə təmin etməyə üstünlük verir. Əgər bu mümkün olmasa, “Dəmir yumruq” işə düşəcək və məsələlərin güc yolu ilə həlli qaçılmaz olacaq.