“Qərbin sanksiyalardan yayınmaq istəyən Ermənistana göz yumması başadüşülən deyil” – Deputat

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya son səfəri zamanı verdiyi açıqlamalar bir daha göstərdi ki, o, natamam siyasətçi kimi oynadığı riyakar və təhlükəli gedişlərin doğura biləcəyi acı nəticələrin fərqində deyil. Avropa səfərlərində özünü demokrat kimi göstərən, Qərbin xoşuna gələn açıqlamalar verən Paşinyan Moskvada asanlıqla mövqeyini dəyişib ruspərəst olur, Prezident Putinə təriflər yağdırır, yumşaq desək, ona yaltaqlanır. Təbii ki, Moskvada Ermənistanın indiki rəhbərliyinə, sorosçu Paşinyana etibar yoxdur, onun açıqlamalarını səmimi qəbul etmirlər. Kremldə yaxşı anlayırlar ki, fürsətcil Ermənistan rəhbərliyi Rusiyanın çöküşünü səbirsizliklə gözləyir, onun dünyada təklənməsindən sevinir.

Bu fikirləri Milli Məclisin deputatı Cəbi Quliyev bildirib.

O qeyd edib ki, Qərbdə də Paşinyan komandasına inam yoxdur. Rusiyaya tətbiq edilmiş sanksiyalar kontekstində Ermənistanın “boz zona” kimi qalması faktdır. Bu gün Ermənistan nadir ölkədir ki, Rusiyaya sanksiyalar tətbiq olunmasına baxmayaraq, bu ölkəyə malların daşınmasını artırır.

“Qərbin sanksiyalardan yayınmaq istəyən Ermənistana göz yumması başadüşülən deyil. Maraqlıdır ki, ABŞ-Rusiya soyuq savaşında ikiüzlülük göstərən tək Ermənistan deyil. İrəvanın böyük bacısı sayılan Paris də Rusiya mövzusunda qeyri-stabil davranır. Bir tərəfdən Ukraynaya dəstək ifadə edir, digər tərəfdən də Parisin Moskva ilə gizli danışıqlar apardığına dair məlumatlar vardır. Cəmi 29 min kvadratkilometr ərazisi olan bir ölkədə Rusiya hərbi qüvvələri ilə yanaşı, Fransanın da təqaüdçü polisləri “xidmət” göstərirlər. İrəvan ABŞ-ın strateji düşməni İran, habelə Fransa və Hindistan hesabına silahlanmağa çalışır”, – deyə Cəbi Quliyev vurğulayıb.

Onun sözlərinə görə, Paşinyanın başa çatan Rusiya səfəri və orada Putinin qulağına xoş gələn sözlər deməsi Ermənistanı böhrandan xilas edə bilməyəcək. Qeyri-ardıcıl, qeyri-prinsipial siyasi xətt yürüdən İrəvanın anti-Azərbaycan, anti-Türkiyə siyasəti onu bataqlığın dərinliklərinə sürükləyir. Ermənistan başa düşməlidir ki, onun nicatı, böhrandan çıxması sanksiyalar altında olan Rusiyaya və İrana, yaxud da min kilometrlərlə uzaqda yerləşən Fransaya yaltaqlanmasında deyil, sürətlə inkişaf edən Azərbaycan və Türkiyə ilə münasibətləri nizama salmaqdan keçir.