Qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır -Millət vəkili

“Dövlətimizin başçısı İlham Əliyevin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti artıq tarixə qovuşan 2023-cü ildə bütün sahələrdə qazanılan uğurların təhlili və cari ildə qarşıda dayanan vəzifələrin təqdimatı oldu. Son üç ildə dövlətimizin siyasətində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri prioritet olub. 2023-cü il bu baxımda da xüsusi diqqətdə oldu. Belə ki, 2022-ci ildə Zəngilanın Ağalı kəndinin sakinlərinə qovuşmasının ardınca 2023-cü ilin mart ayında – Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi sevincli günlərini yaşadı. Ötən il Müstəqillik Günündə Laçın şəhərinə köçkünlər qayıtdı. Bu qayıdış ilin sonuna qədər mərhələ-mərhələ davam etdirildi. “2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar” söyləyən Prezident İlham Əliyev bu müjdəni də çatdırdı ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.

Göründüyü kimi, bu torpaqların sahibi olaraq bərpa-quruculuq işlərinin sürətini artırmaqla soydaşlarımızın tezliklə tam şəkildə qayıdışına səy göstərilir. 30 il ermənilər tərəfindən dağıdılan, yerlə-yeksan edilən torpaqlarımız bu gün dirçəlir, sakinlərinə qovuşduqları üçün sevinclidirlər. Dövlətimizin başçısının hər bir müjdəsi xalqımızda böyük qürur hissi yaradır.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili vurğulayıb ki, 2023-cü ilin mühüm hadisəsi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası oldu: “Dövlətimizin başçısı İlham Əliyev müraciətində ilk olaraq bu uğurumuzu diqqətə çatdırdı. Son üç ildə Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylər göstərsə də, Ermənistan müxtəlif bəhanələrlə yayındı. 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də Ermənistanın havadarlarının dəstəyinə arxalanması diqqətdən kənarda qalmır. 44 günlük İkinci Qarabağ müharibəsindən nəticə çxarmayan Ermənistan hərbi təxribatlarını davam etdirdi. Azərbaycan dövləti, xalqı belə bir vəziyyətlə barışa bilməzdi. Sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Dövlətimizin başçısı İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu önə çəkərək bu mühüm məqamı böyük qürur hissi ilə qeyd etdi ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.”

Əliabbas Salahzadə qeyd edib ki, uğurlarımıza yol açan mühüm amillərdən biri iqtisadi imkanlarımızdır: “2023-cü ildə Azərbaycan iqtisadi uğurları ilə diqqətdə oldu. Ölkəmizin bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasının vacibliyi ilə bağlı çağırışı beynəlxalq dəstək qazandı. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın bu sahədə mövcud imkanları təhlil olundu, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün mühüm imkanların yarandığı qeyd edildi. Prezident İlham Əliyev sözügedən müraciətində diqqəti bu ilin dekabrında Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə yönəldərək bildirdi ki, bu, ölkəmizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir. Eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. O da bildildi ki, 2023-cü ildə Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verildi. 230 meqavat gücündə günəş elektrik stansiyası artıq enerji sistemimizə tam inteqrasiya edildi. Bu hədəf də açıqlandı ki, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq.”

Millət vəkili cari ilin hədəfləri sırasında müdafiə gücümüzün artırılmasını xüsusi qeyd edib: “Dövlətimizin başçısının müraciətində də bu hədəf əsas yer tutur. “Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər” söyləyən cənab İlham Əliyev belə bir hədəfi də diqqətə çatdırdı ki, 2024-cü ildə hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək.”

Əliabbas Salahzadə 2023-cü ilin uğurlarına, cari il üçün müəyyənləşdirilən prioritetlərə söykənərək 2024-cü ilin uğurlu il mənzərəsini təqdim edib. Qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır.