Qarabağ dirçələcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videokonfrans şəklində keçirilən müşavirədə demişdir: “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir”. Dövlət başçısı müşavirədə yekun nitqində Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etmişdi: “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

Bu gün qələbəmizdən bir il ötüb. 2022-ci ilin dövlət büdcəsində cari ildə olduğu kimi növbəti ildə də dövlət büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına xüsusi önəm verilib. 2,2 milyard manat vəsaitin işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və digər məqsədlərlə vəsaitin ayrılması bir daha təsdiqləyir. Çünki uzun müddət işğalda olan torpaqlarımızda bütün infrastruktur dağıdılıb, əksər kəndlər və şəhərlər tamamilə talan edilib. Lakin buna baxmayaraq bu gün dövlətimizin müəyyənləşdirmiş plan və qrafikləri üzrə tikinti işləri sürətlə icra olunur. Artıq yol, enerji və su təminatı infrastrukturları yüksək səviyyədə yenidən tikilir. İlkin olacaq ağıllı kənd və ağıllı şəhər layihələri ilə yenidən qurulacaq yaşayış məntəqələr müəyyənləşib və tikinti işlərinə start verilib. Şuşanın müasir tikinti normalarına uyğun yenidən qurulmasına başlanıb.

Belə ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya başqa bir reallığa da şahidlik etdi. Belə ki, şəhər və kəndlərimiz azad olunduqca əyani şəkildə aydın oldu ki, işğalçı yaşayış məntəqələrimizdə daşı daş üstə qoymayıb. Əslində, Ermənistanın işğal etdiyi ərazilərimizi viran qoyması əvvəldən də məlum idi. Sadəcə, həmin ərazilər düşmənin nəzarətində olduğundan bununla bağlı faktları dünyaya çatdırmaq mümkün deyildi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Ağdamın işğaldan azad olunması erməni vandallığını olduğu kimi dünyaya çatdırmağa imkan verdi. Cəbrayıl, Füzuli, Ağdam şəhərlərində, bu rayonların kənd və qəsəbələrində bir yaşayış binası, bir ev belə salamat qalmayıb. Erməni vandalları binaları daşlarına qədər söküb, şəhər və kəndləri xaraba qoyublar. Düşmən milli-mədəni, tarixi və dini abidələrimizə də qənim kəsilib, dağıda bildiyini dağıdıb, talaya bildiyini talayıb. O cümlədən yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar edib və oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti də erməni xislətinin qurbanı olub, meşələr, qiymətli ağac növləri kəsilib, tarixi orta əsrlərə qədər uzanan ağaclar məhv edilib. Ancaq qələbəmizdən bir il keçməsinə baxmayaraq bu qısa müddətdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının təməli hələ bir neçə il əvvəl Cəbrayılın Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə qoyulmuşdu. Hələ o zaman bu kiçik kəndin timsalında xalqımız gördü ki, Prezident İlham Əliyev tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək və həm də onları yenidən dirçəldəcək. Hər birimiz hələ o zaman dövlət başçımızın qələbə və quruculuq əzminin, qətiyyətinin şahidi olmuşduq.

Həmçinin, hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Azərbaycan dövlət başçısının işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Görülən işlərin, həyata keçirilən layihələrin siyasi və iqtisadi əhəmiyyəti öz yerində, ancaq Ermənistanda revanşist qüvvələrin bəyanatları, çağırışları da Azərbaycan Prezidentinin diqqətindən kənarda qala bilməz. Və bu səfərlə bir daha dövlət başçısı işğalçı Ermənistana «düz yola» gəlməyə, bundan sonra da 44 günlük müharibədən bir nəticə çıxırmasalar, növbəti «dəmir yumruğun» zərbəsi daha ağır olacağını və xam xəyallar qurmaqdan çəkinməyə çağırıb.

BU GÜN GÖRÜLƏN İŞLƏR GÖZ ÖNÜNDƏDİR

Bu gün görülən işlər göz önündədir. Azərbaycan Prezidenti cəmi bir il ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb, genişmiqyaslı layihələr icra olunur. Şuşaya Zəfər yolu, Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, dini-tarixi abidələr bərpa olunur. İnfrastruktur layihələri icra olunur. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır. Bir sözlə, Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Hər kəs şahiddir ki, erməni vandallarının daşı daş üstündə qoymadığı torpaqlarımızda bir ildə hansı işlər görülüb və bu quruculuq işləri hər gün davam etdirilir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, yaxın illərdə Qarabağ yenidən cənnətməkana çevriləcək. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq. Bu günədək Azərbaycan Prezidentinin bəyan etdiyi bütün hədəflərə nail olunması bunu təsdiqləyir. Və İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır. Yeni açılışlar, təməlqoymalar isə işğaldan azad edilmiş torpaqlarımızda başlanan tikinti-quruculuq, yenidənqurma işlərinin, yəni Qarabağın inkişaf planının tərkib hissəsidir.

Bəli, bu gün Azərbaycan imzası qədər verdiyi sözündə möhtəşəmdir və beynəlxalq aləmdə imzasının olması isə möhtəbərliyini sübut edir. Və göründüyü kimi, qürurverici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin, qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır. Bir sözlə, cari ilin dekabrın 10-da Azərbaycan Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı SƏRƏNCAMI bir daha Zəfərimizin müəllifi olan Qalib liderimiz Prezident İlham Əliyev Qarabağ bölgəsinin yüksəlişinə göstərdiyi diqqətinin göstəricisidir.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü