“Qarabağ münaqişəsinə mövqe eyni olmalıdır”

Asker

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllində Qərb, xüsusən Avropa dövlətlərini ədalətli mövqe nümayiş etdirməməkdə qınayır.

XALQ.AZ-ın məlumatına görə, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyir ki, bu gün dünyada münaqişə ocaqlarının çoxalmasının səbəbi odur ki, Qərb xüsusən Avropa dövlətləri münaqişələrin həllinə ədalətli yanaşmır. Elə iki gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə İtaliyanın baş naziri Matteo Renzi arasında imzalanmış birgə bəyannamədə Azərbaycan tərəfinin haqlı tələbi yerinə yetirilib. Rəsmi Roma beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyi ilə bağlı öhdəlik götürür.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun sözlərinə görə, bu, 4 bənddən ibarətdir: “Bu bəndlərin birində göstərilir ki, Dağlıq Qarabağ münaqişəsinə qərbdə də, beynəlxalq təşkilatlarda da eyni mövqe nümayiş etdirilməlidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasının vacibliyi vurğulanır. Bu münaqişələrə ədalətli yanaşmanın vacibliyi qeyd edildi. Həm İtaliyanın prezidenti, həm baş nazir Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxdılar”.