media-ulvi
Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə Azərbaycanın ən müasir və inkişaf etmiş regionlarından birinə çevriləcək.
İşğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan tikinti və bərpa işləri uğurla davam edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr bu bölgələrin yaxın gələcəkdə Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevriləcəyinə əsas yaradır. Xüsusilə Ağdam rayonunda görülən işlər bu şəhərin sürətlə yenidən qurulduğunu və gələcəkdə mühüm sosial-iqtisadi mərkəzə çevriləcəyini göstərir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərinə səfər edərək burada həyata keçirilən bərpa və quruculuq işləri ilə tanış olublar. Qeyd etmək lazımdır ki, Ağdam Azərbaycanın strateji əhəmiyyətə malik şəhərlərindən biridir və onun yenidən qurulması təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun inkişafı baxımından xüsusi önəm daşıyır.
Şəhərin baş planına uyğun olaraq, burada müasir yaşayış kompleksləri, təhsil və mədəniyyət müəssisələri, infrastruktur obyektləri inşa edilir. 2021-ci ildə təməli qoyulan 960 şagird yerlik 1 nömrəli məktəb yeni nəslin təhsil alması üçün vacib obyektlərdən biridir. Eyni zamanda, 160 yerlik körpələr evi-uşaq bağçasının inşası da davam edir. Ağdam Muğam Mərkəzi, “Ağdam Residence” yaşayış kompleksi, “Hilton Garden Inn” hoteli kimi mühüm layihələrin icrası şəhərin sosial və iqtisadi inkişafına təkan verəcək.
Ağdamla yanaşı, Xocalının da yenidən qurulması sürətlə həyata keçirilir. Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndinə səfəri zamanı burada aparılan bərpa işləri ilə tanış olub. Artıq kənddə 137 fərdi ev bərpa edilib, 60-a yaxın evin tikintisi davam etdirilir. Kəndə ilk sakinlər köçürülüb və onların rahat yaşayışı üçün bütün lazımi infrastruktur yaradılır.
İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri göstərir ki, yaxın illərdə bu bölgələr tamamilə yenidən qurularaq əhalinin ixtiyarına veriləcək. Artıq azad torpaqlara qayıdan insanlar böyük həvəslə doğma yurdlarında məskunlaşır, burada işləyir və həyatlarını yenidən qururlar. Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə Azərbaycanın ən müasir və inkişaf etmiş regionlarından birinə çevriləcək.
Ülviyyə Həmzəyeva  
Milli Məclisin deputatı 

media-ads728x90

Bənzər xəbərlər