“Qarabağda yaşayan ermənilər bu ölkənin vətəndaşlarıdır” – Elman Nəsirov

Belçika xarici işlər naziri Hadca Labib Bakıda həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib ki, gərgin vəziyyətdən çıxmaq və sülhə nail olmaq üçün gələcəyə baxmaq lazımdır. Xanım nazir qeyd edib ki, 30 ildə baş verənlər səbəbilə Azərbaycanın məyusluğunu başa düşür, lakin yaxşı gələcək üçün jest etmək lazımdır.  

Milli Məclisin deputatı Elman Nəsirov Labibin bu çıxışına münasibət bildirib:

“Avropa İttifaqı Parlamenti çərçivəsində Azərbaycana qarşı qərəzli davranışlara çox şahidlik etmişik. Bu prosesdə Belçikanın, Hollandiyanın fəal rol oynadığının da fərqindəyik. Belçika xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşü zamanı regional sülh və təhlükəsizlik məsələlərindən bəhs etdi, regionda sabitliyin əldə olunması üçün səylərin artırılmasının vacibliyinə toxundu. Lakin çıxışında müəmmalı bir “jest” kəlməsi də işlədir, Azərbaycan tərəfinin jest etməli olduğu deyir. Ermənistan tərəfinin əsas iddiası nədir? Odur ki, Qarabağda yaşayan ermənilərə siyasi hüquqlar verilsin və təhlükəsizlikləri təmin olunsun. Bunların əldə olunması üçünsə muxtariyyət verilməsi məsələsini irəli çəkir. Belçikalı nazirin bu “jest”i də dolayısıyla Ermənistanın mövqeyini əks etdirir”.

Deputat vurğulayıb ki, bu barədə Azərbaycan Prezidentinin prinsipial və qətiyyətli mövqeyi var:

“Qarabağda yaşayan ermənilər bu ölkənin vətəndaşlarıdır, onların hüquq və azadlıqlarının, təhlükəsizliklərinin təminatı da dövlətin səlahiyyətindədir. Necə ki, müxtəlif azsaylı xalqlar və etnoslar Azərbaycanda eyni hüquq və şərtlər altında yaşayır, bu yanaşma ermənilərə münasibətdə də tətbiq ediləcək.

Hesab edirəm ki, Belçikanın xarici işlər naziri açıq mətnlə olmasa da diplomatik yolla ermənilərin siyasi hüquq və təhlükəsizlik məsələsini gündəmə gətirməyə çalışır”.