“Qarabağda yaşayan ermənilərin gələcəyi Azərbaycan konstitusiyası,ərazi bütövlüyü daxilində öz həllini tapa bilər”Deputat

Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə müsahibəsini təqdim edir:

-Nəsib bəy, son vaxtlar separatçı “lider” Arayik Artunyanın rəhbərliyi ilə Xankəndində etiraz aksiyasına başlanılıb. Hətta irəli sürülən şərtlər və “artsax” xalqının rəyi nəzərə alınmasa, sərt tədbirlərə əl atacaqları ilə bağlı Azərbaycanı hədələməyə cəhd etdilər. Deyilən bir həftə tamam oldu, lakin etiraz aksiyası davam etməkdədir. Maraqlıdır ki, Azərbaycanı hansı “sərt tədbirlərə” əl atmaqla hədələyirlər?

-Qarabağda məskunlaşmış erməni separatçıları “sərt tədbirlər” deməklə beynəlxalq ictimaiyyəti və böyük dövlətləri şantaj edirlər. 1988-ci ildən bu yana apardıqları siyasətin iflasa uğradığını başa düşürlər. Ancaq onların Azərbaycan xalqı qarşısında o qədər cinayətləri var ki, ilk növbədə bunun üçün məsuliyyət daşımalıdırlar. Buna görə də maksimum çalışırlar ki, beynəlxalq birliyin diqqətini Qarabağdakı ermənilərə yönəltsinlər və hansısa divident əldə etsinlər. Məsələn “status”, Qarabağın erməni icması üçün xüsusi imtiyazlar və bir çox məsələlər bura daxildir. Lakin bütün bu addımlar keçərli deyil. Azərbaycan prezidenti İlham Əliyev bu barədə öz sözünü deyib. Onların gələcəyi ancaq Azərbaycan konstitusiyası, ərazi bütövlüyü daxilində öz həllini tapa bilər. Digər bölgələrimizdə yaşayan etnik azlıqlardan heç bir fərqləri, üstünlükləri yoxdur. Azərbaycan vətəndaşlarının əldə etdiyi imtiyazlara malik olaraq cəmiyyətimizə inteqrasiya ola bilərlər.

-Bəs, Qarabağda məskunlaşan separatçıları bu təxribatla başlamağa, belə “ürəkli” çıxışlar etməyə cəsarətləndirən kimdir? Rusiyanın mövqeyi nə dərəcədə təsirlidir?

-Brüsseldə 6-cı dəfə prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüş keçirilib. Bundan sonra sülh müqaviləsinin imzalanması istiqamətində müsbət addımlar atılıb. Dövlətlərin qarşılıqlı formada bir-birinin ərazi bütövlüyünü tanıdığı ilə bağlı bəyanatlar eşitdik. Bu, Rusiya tərəfindən çox böyük qısqanclıqla qarşılandı. Kollektiv Qərb və Rusiyanın vasitəçiliyi ilə təqdim olunan sülh formatları arasında ciddi fərqlər mövcuddur. Aralarında düşmənçilik münasibətləri olduğu üçün mövzu ilə bağlı bir-birilərinin təklif etdiyi variantları qəbul etmirlər. İndiki halda ABŞ və Qərbin təklif etdiyi format bizə sərf edir və beynəlxalq hüquqa da uyğundur. Lakin Rusiya Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatlar da maraqlarımıza uyğun deyil. Rəsmi Moskva Cənubi Qafqazda ənənəvi varlığını qoruyub-saxlamaq istəyir. Bununla yanaşı açıq şəkildə bildirir ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması ona sərf etmir. 2025-ci ildən sonra Rusiya sülhməramlılarının Qarabağda qalmasının zəruri olmadığını başa düşür, ona görə də gərginliyin saxlanılmasında maraqlı tərəf kimi görünür. Nəticədə isə mövcud problemlər həllini tapmır. Artunyanların timsalında vəziyyət gərginləşməkdə davam edir. Bütün dünyaya car çəkirlər ki, Azərbaycan guya etnik təmizləmə edir, soyqırım törədir. Lakin bu gün ermənilərin timsah gözyaşlarına heç kim inanmır. Əgər hadisələr bu formada davam edərsə, çox qısa zamanda Azərbaycan Ordusu öz sözünü deyəcək.

-Nəsib bəy, bu kimi aksiyaların keçirilməsi, atəşkəsin pozulması, ərazilərdə fortifikasiya qurğularının quraşdırılmasına cəhdlərin olunması və s. sülh danışıqlarında qısa müddətdə yekun nəticə əldə olunmasına maneə yaradır?

-Ümumiyyətlə, erməni məsələsinin gündəmdən çıxarılmasına imkan verilməyəcək. Bu həmin erməni məsələsidir ki, son 150 ildən bəri davam edir. Bu xəstə ideyalar yaşadılacaq. Məsələnin beynəlxalq gündəlikdə qalmasında maraqlı olan qüvvələr var. Birincisi, erməni millətçiləri, daşnaklar ikincisi, erməni diasporası və onlara lobbiçilik edən təşkilatlar, üçüncüsü isə geosiyasi qlobal güclər. Həmin qüvvələr üçün erməni məsələsinin gündəlikdən çıxması sərf etmir.