Qarabağdakı vəziyyət mərhələli şəkildə həll edilir

“Azərbaycan 44 günlük müharibədə parlaq qələbə qazandı. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması proseslərin məntiqi davamıdır”

Bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, mərkəzin fəaliyyətə başlaması Qarabağda sülhün bərqərar olmasında, qarşılıqlı əməkdaşlığın formalaşmasında mühüm rol oynayacaq: “2020-ci ilin noyabrın 10-da Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanmış bəyanatla ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ermənistan kapitulyasiya etdi. Birgə Monitorinq Mərkəzinin yaradılması bəyanatda əksini tapıb. Türkiyə Silahlı Qüvvələrinin Qarabağa gəlməsi Azərbaycan Prezidentinin prinsipial mövqeyi olub. Türkiyə Vətən müharibəsində Azərbaycana həm siyasi, həm də mənəvi dəstək verib. Qardaş ölkənin bu dəstəyi davam etməkdədir. Azərbaycan Türkiyəni hər zaman yanında hiss edir. Qarabağdakı vəziyyət mərhələli şəkildə həll edilir. Bu məsələ ilə bağlı Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyi ortadadır”.