Qarabağımız qurulur, qurulacaq. Qarabağ Azərbaycanın olub və hər zaman da Azərbaycanın olacaq!

Qarabağda yenidənqurma işləri hansı mərhələdədir? – Deputatla MÜSAHİBƏ

44 günlük Vətən müharibəsi və torpaqlarımızın mənfur düşməndən azad olunması şanlı qəhrəmanlıq dastanı kimi tariximizin qızıl yaddaşına əbədi olaraq həkk olunub. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz erməni işğalçılarından torpaqlarımızı azad edərək Azərbaycanı qalib dövlətə çevirib. Öz sahiblərini gözləyən Qarabağın bütün şəhərləri, qəsəbələri və kəndləri yaxın gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi ilə abadlaşacaq və yenidən gözəl bir diyara çevriləcək.

XALQ.AZ Milli Məclisin deputatı Jalə Əliyeva mövzu ilə bağlı Big.az-a müsahibəsini təqdim edir:

– Qarabağda hazırda yenidənqurma işləri hansı mərhələdədir?

– Hər birimiz bilirik ki, 44 günlük şanlı mübarizəmizdən və əldə etdiyimiz uğurdan, qələbədən, kapitulyasiya bəyanatından 5 gün sonra Azərbaycan artıq işğaldan azad olunmuş torpaqlarında böyük quruculuq işlərinə başladı. Ölkə Prezidenti cənab İlham Əliyevin kapitulyasiya bəyanatından cəmi 5 gün sonra Füzuliyə səfəri zamanı bütün dünayaya “Biz artıq Şuşaya yol çəkirik” şəklində verdiyi bəyanat əslində Azərbaycanın böyük gücünü, nüfuzunu, durmadan artan iqtisadi imkanlarını bir daha ortaya qoydu.

Həqiqətən də, müharibədən çıxmış və pandemiya ilə mübarizə aparan bir ölkənin qısa bir zamanda belə böyük bir ərazidə, 30 ildən artıq işğal altında qalan bütün torpaqlarında yenidənqurma işlərinə böyük sürətlə başlaması Azərbaycanın böyük uğurudur. Bu, sadəcə ölkəmiz üçün deyil, düşünürəm ki, Azərbaycanın yerləşdiyi geosiyasi bölgə olan Cənubi Qafqaz bölgəsi üçün də, bu bölgənin inkişafı üçün də böyük əhəmiyyət kəsb edir. Artıq Dağlıq Qarabağda infrastruktur çalışmaları başlayıb. Hər birimiz bilirik ki, çox qısa bir müddətdə işğaldan azad olunan bölgələrimizdə qaz, su, işıq xətləri çəkilib. Yollar çox böyük bir sürətlə təmir edilir. Qısa müddətdən sonra şəhərsalma işləri başlanacaq. Artıq lahiyələr hazırdır.

Bilirsiniz ki, ağıllı şəhər, ağıllı kənd lahiyəsi çərçivəsində və şəxsən cənab Prezidentin tapşırığı və nəzarəti ilə Qarabağda hər bir vətəndaşımız üçün yüksək səviyyədə şəraitin yaradılması üçün ölkəmiz, dövlətimiz səfərbər olub. Biz əminik ki, hazırda Qarabağa ayrılan dövlət diqqəti Qarabağda həyata keçirilən böyük quruculuq işləri Azərbaycanın tarixən dilbər güşəsi adını qazanan bu torpaqların yenidən cənnətə çevrilməsində əhəmiyyətli rol oynayacaq. Əminik ki, Azərbaycanın işğaldan azad olunmuş bölgələrində illərdən bəri ermənilərin həyata keçirdiyi vandalizm, barbarlıq siyasətindən, dağıdıcılıq siyasətindən qısa bir zamanda əsər-əlamət qalmayacaq. Qarabağımız qurulur, qurulacaq. Qarabağ Azərbaycanın olub və hər zaman da Azərbaycanın olacaq!

– Bu gün erməni vandallarının Qarabağda törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması üçün daha hansı addımlar atılır?

– İllərdən bəri Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının sayəsində azərbaycanlıların başına gətirilən müsibətlər və bu fəlakətlərin ən bariz nümunəsi olan Xocalı faciəsi, dünən il dönümü olan Ağdaban faciəsi bu illər ərzində çox dolğun şəkildə xarici ölkə vətəndaşlarının diqqətinə çatdırılıb.

Yeri gəlmişkən, mənim “Müqəddəs ocağın yadigarları” adlı kitabımın təqdimatı keçirilib. Zəngin arxiv materialları, sənədlər əsasında qələmə aldığım kitabda qədim Oğuz yurdu Kəlbəcərin tarixi, toponimləri, zəngin təbiəti, fauna və florası haqqında geniş elmi araşdırmalara yer vermişəm. Kitabda Miskin Abdaldan başlayaraq, ağdabanlı şair Qurban, Dədə Şəmşir, Qənbər Şəmşiroğlu və bu ocağın digər nümayəndələrinin yaradıcılığını izləyib, müqayisəli təhlillər apararaq ədəbiyyatşünaslıq baxımından bir sıra mühüm nəticələri oxuculara təqdim etmişəm.

Uzun müddət üzərində çalışdığım “Müqəddəs ocağın yadigarları” monoqrafiyasının təqdimat mərasiminin məhz Kəlbəcərin, eləcə də bütün torpaqlarımızın azadlığı şəraitində keçirilməsi böyük qürur hissi yaradır. Bu sahədə tədqiqatlarımı bundan sonra da davam etdirməyi düşünürəm. Həmin əsərlərdən birinin təqdimatının məhz Kəlbəcərdə baş tutacağına inanıram.

Həqiqətlərin dünyaya çatdırılmasında biz, ilk növbədə, Heydər Əliyev Fondunun xidmətlərini yüksək qiymətləndiririk. Heydər Əliyev Fondunun rəhbəri, ölkənin birinci xanımı, birinci viste-prezident Mehriban xanımın birbaşa rəhbərliyi, o cümlədən, Leyla xanımın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası sadəcə Xocalı faciəsini deyil, ümumilikdə Azərbaycan həqiqətini, Azərbaycan ədalətini dünyaya illər boyu çatdırıb.

44 günlük müharibə ərzində də qarşı tərəf öz vandallıq siyasətindən əl çəkmədi. Sadəcə müharibə aparmadı, eyni zamanda hərbi cinayət törətdi. Sülh şəraitində yaşayan dinc əhaliyə qarşı, uşaqlara, qadınlara qarşı qadağan olunmuş silahlardan, ballistik raketlərdən hücumlar edildi. Bütün bunlar erməni vandalizminin bariz nümunəsidir. Dünya ictimaiyyəti bu cür addımlara duyarsız qalmamalıdır, çünki bu kimi hallarınn qarşısının alınmaması sabah dünyanın hansısa bir ölkəsində eyni vəziyyətin təkrarlanmasına səbəb ola bilər. Ona görə də Azərbaycanın müharibədən sonra da öz həqiqətlərini dünyaya çatdırması, öz ideologiyasını dünyaya bəyan etməsi istiqamətində atdığı addımlar əvəzsizdir.