“Qarabağın və Şərqi Zəngəzurun bərpası bu gün əsas prioritetdir” – Deputat

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də aydın oldu ki, ölkəmizin dayanıqlı inkişafı təmin edilib. Qeyri-neft sektoru inkişaf etdirilib, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində işlər, eyni zamanda iqtisadi və sosial sahələrdə islahatlar davam etdirilib.

2020-ci il 44 günlük vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb və Azərbaycan bütün gücünü, resurslarını işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldib. İki il yarım ərzində Qarabağ və Şərqi Zəngəzur ən inkişaf etmiş bölgəyə çevrilməkdədir. Azərbaycan heç bir yerdən yardım almadan, öz maliyyə imkanları hesabına Böyük Qayıdış Proqramını uğurla icra edir. Son iki il yarımın mənzərəsinə baxsaq, işğaldan azad olunmuş ərazilərdəki canlanma xüsusi diqqət çəkir. Abadlaşan kənd şəhərlər, öz dədə-baba yurduna qayıdan soydaşlarımız, bir sözlə, bölgə 30 illik işğalın fəsadlarından təmizlənməkdədir. Təsadüfi deyil ki, 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlqoymasında şəxsən Prezident İlham Əliyev iştirak edib. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Dövlət başçımızın da söylədiyi kimi, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Cəmi 8 ay ərzində Laçın şəhərinin böyük hissəsinin tamamilə bərpa edilməsi, yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanması əsl nümunədir. Ölkə başçısı bir daha bəyan etdi ki, Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq. Ümumiyyətlə, Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Bu, bərpa prosesinin miqyasının böyüklüyünü göstərir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin olunacaq. Eyni zamanda bərpa prosesi zamanı tarixi-mədəni irsin mühafizəsinə xüsusi diqqət yetirilməsi təqdirəlayiq haldır. Belə ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən işlər xüsusi əhəmiyyət kəsb edir.

Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun bərpası bu gün əsas prioritetdir. Amma bununla paralel olaraq, Prezident İlham Əliyev bütün ölkədə infrastruktur layihələrinin reallaşdırılmasını diqqətdə saxlayır. Bütün ərazilərin sosial-iqtisadi inkişafı təmin olunur. Bu ilin 6 ayının yekunları da göstərir ki, Azərbaycan qarşıya qoyduğu hədəflərə çatır. Görülən işlərin miqyası isə iqtisadi güc, siyasi iradə tələb edir. Bu mənada Azərbaycan əsl nümunə sərgiləyir.

Könül Nurullayeva,
Milli Məclisin deputatı