“Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir”- Deputat

“15 iyun- Milli Qurtuluş günü xalqımızın fəlakətlərdən qurtulması və qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gündür. Bu müqəddəs günü bizə bəxş edib  tarixə yazan isə ümummilli lider, dahi şəxsiyyət  Heydər Əliyevdir. SSRİ dağılandan sonra müstəqillik uğrunda alışıb yanan müttəfiq respublikalar kimi Azərbaycanda da xalq hərəkatı vüsət almışdı. Ölkəmizdə baş verən siyasi proseslər digər respublikalardan fərqli idi. Bir yandan hiyləgər qonşularımızın ərazi iddiası ilə apardığı müharibə, digər tərəfdən naşı, səriştəsiz ölkə rəhbərliyinin hakimiyyət hərisliyi xalqı uçuruma gətirib çıxarmışdı. Müstəqilliyin ilk illərində xalqın iradəsinə zidd şəkildə iqtidara yiyələnən, dövlətçilik və siyasi idarəçiliklə bağlı baxışları son dərəcədə primitiv  olan məlum qüvvələr, faktiki olaraq, Azərbaycanı taleyin ümidinə buraxmışdılar. Üstəlik, hakimiyyət uğrunda mübarizənin qanunsuz silahlı qruplaşmalar səviyyəsində aparılması ölkədəki siyasi, iqtisadi və mənəvi böhranı daha da dərinləşdirir, bədxah xarici qüvvələrin təsiri ilə etnik-milli münasibətlərin qızışdırılmasına, separatizm meyillərinə rəvac verir, vətəndaş müharibəsinə bir növ zəmin hazırlayırdı. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Ümummilli Liderdən imdad istədi.”

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov  bildirib.

K.Bayramov qeyd edib ki, o zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını öz üzərinə götürən ulu öndər Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib qarşıdurmanın genişlənməsinin qarşısını aldı. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. «Mənim həyatım da, fəaliyyətim də ,yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır» – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.  Bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başlandı. 15 iyun Azərbaycan tarixinə Qurtuluş Günü kimi daxil olub. Bu tarixi gün 1998-ci ildən etibarən dövlət səviyyəsində qeyd olunur.
K.Bayramov xüsusi olaraq vurğulayıb ki, Ulu Öndər Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Dahi şəxsiyyətin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.  Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Dahi şəxsiyyətin iqtisadiyyatın inkişafında  neft amilinə önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu. Bu mühüm addım ölkədə sabitliyin yaradılmasında mühüm amilə çevrildi. Elə həmin il sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi yazılan neft sazişi imzalandı. Bununla da Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Ümummilli Liderin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanların öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
Deputat xüsusi olaraq qeyd edib ki, bugünkü Azərbaycan Ümummilli  Liderimizin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz, Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən, misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir. Bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. «Azərbaycanın xoşbəxt gələcəyi vardır» söyləyən Ümümmilli Liderin bu arzusu Onun siyasi və iqtisadi kursunu uğurla və inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında reallığa çevrilməkdədir.