Qardaşlıq münasibətlərimizə xələl gətirmək istəyənlər öz məqsədlərinə nail ola bilməyəcəklər

“Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Biz bir millətin iki dövlətiyik”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycanla Türkiyənin münasibətləri ən yüksək səviyyədədir və dünyada bir birinə bu qədər yaxın olan ölkə tapmaq çətindir. Bu baxımdan, Azərbaycan-Türkiyə əlaqələri dünya ölkələri üçün nümunədir.

Millət vəkilinin sözlərinə görə, müəyyən dairələr münasibətlərimizin bu dərəcədə yüksək olmasından qıcıqlanaraq əlaqələrimizin soyuqlaşmasına çalışıblar. Amma hər dəfə bu cəhdlər iflasa uğrayıb.

Son günlər həmin dairələrin yenə də “fəallaşdığını” deyən Fatma Yıldırım qeyd edib ki, məqsədli şəkildə cəmiyyətə yanlış rəylər çatdırılır. Halbuki, yayılan bu məlumatların heç bir əsası yoxdur. Məlumdur ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başkanı Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfdən minnətdarlıqla qarşılanmışdı. Azərbaycan bu təşəbbüsü reallığa çevirəcək. Bu barədə rəsmi səviyyədə də münasibət bildirilib. Əgər hər hansı anlaşılmazlıq olubsa, bu dərhal öz həllini tapdı.

“Türkiyə dövləti və xalqı 44 günlük Vətən müharibəsində Azərbaycana qətiyyətli dəstək verdi. Türkiyənin bu dəstəyi üçüncü ölkələrin Azərbaycanın haqq işinə müdaxilə etməsindən çəkindirdi. Bu gün işğaldan azad olunmuş ərazilərimizin bərpasında Türkiyə şirkətləri yaxından iştirak edir. Bizim birliyimiz sarsılmazdır. Ona görə də, münasibətlərimizə xələl gətirmək istəyən dairələr heç vaxt öz məqsədlərinə nail ola bilməyəcəklər”, – deyə deputat vurğulayıb.