“Qarşı tərəf müxtəlif manevrlərlə prosesi ləngitməyə çalışır” – Soltan Məmmədov

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqlar indiyədək üç platformada – Avropa İttifaqı, ABŞ və Rusiyanın vasitəçiliyi ilə aparılıb. Bizim ölkəmiz hər üç platformada beynəlxalq hüquqa uyğun, konstruktiv mövqe nümayiş etdirib. Təəssüf ki, qarşı tərəf müxtəlif manevrlərlə prosesi ləngitməyə çalışır.

Bu fikirləri  Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat qeyd edib ki, bu danışıqların nəticəsi bütövlükdə Cənubi Qafqazın taleyi üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də Qlobal Media Forumunda xüsusi vurğuladı ki, regional inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Azərbaycan tərəfi irəliləyişə nail olmaq, regional sabitlik və bölgədə yaşayan xalqların rifahı baxımından mühüm əhəmiyyətə malik sülh sazişinin imzalanması üçün ardıcıl səylər göstərir. Rusiya, ABŞ və Avropa İttifaqının təşəbbüsü ilə keçirilən danışıqların qısa müddətdə uğurla nəticələnməsi üçün bütün mümkün zəruri addımları atır. Bizim yeganə məqsədimiz ondan ibarətdir ki, imzalanacaq saziş ədalətli sülhə xidmət etsin, beynəlxalq hüquqa əsaslansın.

Soltan Məmmədov bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra aparılan danışıqlarda Ermənistan hökumətinin mövqeyində bəzi pozitiv dəyişikliklər baş versə də indi bəyanatlara ifadə olunan mövqenin rəsmi sənədlərdə təsdiqinə ehtiyac var. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına əsas maneələrdən biri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən Ermənistan ordusunun qalıqlarının hələ də tam çıxarılmamasıdır. Eyni zamanda, sərhədlərin delimitasiyası, qarşılıqlı olaraq ərazi iddialarından imtina ilə bağlı məsələlərin də dəqiqləşdirilməsi vacibdir. Azərbaycanın irəli sürdüyü bütün şərtlər beynəlxalq hüququn fundamental prinsiplərinə istinad edir: Qarşılıqlı olaraq ərazi bütövlüyünə, suverenliyə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, üçtərəfli Bəyanatın müddəalarının tam şəkildə icrası. Lakin biz bir çox hallarda görürük ki, Ermənistan bilavasitə Azərbaycanın daxili məsələsi olan mövzuları danışıqlar platformasına gətirməyə çalışır. Bu, əlbəttə ki, prosesin sürətlənməsinə mane olur.

Milli Məclisin deputatı bildirib ki, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Cənubi Qafqazın iqtisadi və siyasi mənzərəsini tamamilə dəyişəcək. Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması prosesinə strateji baxışı nəticə etibarilə bütün region ölkələrinin maraqlarına cavab verən sülh formulunun tapılmasına xidmət edir.