“Qayıdış proqramı plan üzrə davam edir” – Könül Nurullayeva

“Prezident İlham Əliyev bütün regionlarda sosial ədalətə söykənən müasir idarəetmə qaydalarının tətbiq olunmasını tələb kimi qarşıya qoyub”. Bu sözləri  deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası paytaxtla yanaşı bölgələrin də davamlı inkişafını təmin etməkdədir: “İcra olunan proqramların məqsədi də regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.

Prezident İlham Əliyevin bütün regionlara ardıcıl səfərləri bir daha hər bir rayonun inkişafının məhz dövlət başçısının diqqət mərkəzində olduğunu təsdiqləyir. Nəticə etibarı ilə ilbəil sosial infrastrukturun keyfiyyəti yüksəlir, sahibkarlıq mühiti daha da yaxşılaşır, əhalinin məşğulluğu artır, yeni iş yerləri yaradılır.

Ümumiyyətlə, Azərbaycanda regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsidir. Bu istiqamətdə qəbul edilmiş dövlət proqramları və əlavə tədbirlər uğurlu nəticələr əldə etməyə imkan verir. Dövlət başçımızın Qazax, Samux, Şəmkir və Bərdəyə səfəri zamanı da yeni infrasrtuktur layihələri istifadəyə verildi. Məqsəd regionlarda məskunlaşan insanların həyat şəraitini, sosial rifahını daha da yaxşılaşdırmaqdır. Prezidentin açılışında iştirak etdiyi Qarabağ Redional DOST mərkəzi də insanlara xidmətin əlçatanlığını təmin etməyə hesablanıb. Burada gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur ki, bu da bu bölgədə yaşayan insanların rahatlığı baxımından olduqca vacibdir”.

Deputat sözlərinə belə davam edib: “İstifadəyə verilən yeni təhsil müəssisələri və səhiyyə ocaqları da vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam və təhsilli yetişməsinə xidmət edir.

Ümumiyyətlə, istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də digər bölgələrimizdə insanların hərtərfli təminatını nəzərdə tutan layihələrin icrası dövlət başçısının daim diqqətində və nəzarətindədir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən ötən 2 il yarım ərzində 1,8 milyard manat Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilib. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Ən vacib məqamlardan biri budur ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu 10-dan çox məscidi yenidən inşa edir və ya onları əsaslı şəkildə bərpa edir.

Qayıdış proqramı da plan üzrə davam edir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur”.