Qaz gəlmir,”Azəriqaz”ın qaynar xətti cavab vermir-Kimə bildirək?

Havaların soyuması ilə kommunal qurumlarla bağlı şikayətlər də artır. Kommunal xidmət qurumları qışa tam hazır olduqlarını açıqlasalar da, qış mövsümi başlayan kimi “təmir” işlərinə start verirlər. Bu dəfə şikayət “Azəriqaz” İstehsalat Birliyindəndir. Belə ki, Bayıl qəsəbəsində qaz kəsilib.

Hazırda “Jurnalistlərin binası”nda, “20-ci sahə” deyilən ərazidə, Bayıl qəsəbəsində qaz yoxdur. Nəzərə alsaq ki, həmin ərazidə 100 mindən çox insan yaşayır, narazı kütlənin sayının hansı miqyasda artdığını təsəvvür etmək elə də çətin deyil. 

Üstəlik şikayətlər digər ərazilərdən də eşidilir. Xüsusilə havanın soyuyacağı, qar yağacağına dair proqnozlar da nəzərə alınmayıb.

Bəs “Azəriqaz” İB-nin bunda marağı nədir? Təmir işləri niyə soyuq aylara təsadüf edir? 

Deyək ki, qəzadır, baş verib. Bəs niyə xətlərdə belə tez-tez qəza baş verir? 

Sakinlər deyirlər ki, hər ay bir neçə dəfə analoji hadisə baş verir. 

Səbəb nədir? Təmir və ya görülən işlər keyfiyyətsizdir, yoxsa “Azəriqaz” İB bilərəkdən insanları incidir?

Suallar çox, cavab isə yoxdur. “Azəriqaz” İB-dən zənglərimizə cavab verilmədi. 

Ümumiyyətlə, “Azəriqaz” İB-dən son vaxtlar şikayətlər o qədər çox yayılıb ki, sosial şəbəkələrdə hər 5 şikayətdən birində məhz bu qurumun adına rast gəlirik.

Azərbaycan qaz ixrac edən ölkədir. Dünya ölkələrinə qaz satır. Rəsmi rəqəmlərə görə, ötən il qaz satışından 2.2 milyard dollar vəsait əldə olunub.