Qazilərlə görüş keçirildi-Fotolar

Döyüş meydanında düşmənə layiqli cavab verən ordumuz tarixi zəfər qazanaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəmizin getdiyi günlərdə xalq və dövlət olaraq birləşib ordumuza göstərdiyimiz dəstək bu gün də davam etməkdədir. Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı hər kəs üçün nümunədir. Muxtar Respublikamızda da bu məsələyə xüsusi həssaslıqla yanaşılır. Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsi daim əziz tutulur, vətən uğrunda sağlamlığını itirən hərbi qulluqçularımıza hörmət və ehtiram göstərilir, mütəmadi olaraq onlarla görüşlər, tədbirlər təşkil olunur. Belə tədbirlərdədən biri də 19 may 2021-ci il tarixində Naxçıvan şəhərində yerləşən “Görüş yeri” kafesində baş tutub. İkinci Qarabağ müharibəsi qaziləri ilə gənclərin görüşü Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Görüşün əsas məqsədi Vətən müharibəsində yaralanmış qazilərimizin göstərdikləri igidlik və şücaətin yüksək qiymətləndirildiyini, onların qəhrəmanlıqlarının unudulmazlığını və nümunəvi xidmətlərinin gənclərimizin vətənə məhəbbət ruhunda tərbiyə olunması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini göstərmək olub.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov çıxış edərək müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizə rəhbərliyi müddətində müasir Azərbaycan ordusunun gücünə xüsusi olaraq diqqət çəkib, Vətən torpaqlarının azadlığa qovuşmasında rolu olan şəhidlərimizin və qazilərimizin xidmətlərinin əhəmiyyətindən bəhs edib. Xidmət rəisi Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi rolunu xatırladaraq xalqımızın bu fədakarlığı və mərdliyi heç zaman unutmayacağını vurğulayıb və qazilərin hər birinə təşəkkürünü bildirib.Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında bildirib ki, Vətən müharibəsində igidlik nümayiş etdirən hər bir Azərbaycan oğlu bizim qəhrəmanımızdır. Düşmənə köks ötdürən bu cür qəhrəmanlar yetişdirən xalqa artıq heç bir düşmən bata bilməz. Şəhidlərimizin, Qazilərimizin faəliyyəti, döyüş yolu gənclərimiz üçün nümunədir. Tarixi qələbəmizin qazanılmasında şücaət və qəhrəmanlıq göstərən Qazilərimizlə görüşlər bundan sonra da keçiriləcək.Görüşdə iştirak edən qazilər Təbriz Zeynalov, Anar Cəfərov, Mirkənan Kərimov, Nürəddin Nəbiyev, Ceyhun Davudov, Hüseyn Hacıyev, Seymur Yusifov və Ümman Məmmədov dövlətin və xalqımızın dəstəyinin onları qürürlandırdığını qeyd ediblər. Çıxış edən mayor Təbriz Zeynalov deyib ki, “Vətən bizi bu günlər üçün yetişdirmişdi. Hərbi qulluqçu kimi borcumuzu ödəyib, vətənə layiqli vətəndaş olduğumuz üçün fəxr edirik. Baş leytenant Ümman Məmmədov isə darda qalmış Vətənin harayına çatmağın bənzərsiz duyğu olduğunu deyib. Daha sonra gənclər qazilərə öz suallarını ünvanlayıb. Onları maraqla dinləyən gənclərin suallarını cavablandırdıqdan sonra vətən müharibəsi iştirakçılarına təşəkkür plaketləri təqdim olunub. Qazilər də onlara göstərilən sevgi və diqqətə görə minnətdarlıq ediblər. Görüş müddətində 7 may 2021-ci il tarixində Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında keçirilmiş “Şanlı Zəfər Tariximiz” adlı inşa yazı müsabiqəsinin qaliblərinə də mükafatlar təqdim olunub. Xatırladaq ki, keçirilən inşa müsabiqəsinin məqsədi yeniyetmə və gənclərdə milli mənlik şüurunun, vətənpərvərlik və vətəndaşlıq hissinin yüksəldilməsi, 44 günlük haqq savaşımızı gənclərin gözündən görmək və istedadlı gəncləri üzə çıxarmaq idi.Görüşün sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov hərbi vətənpərvərlik hissinin gənclərə aşılanmasındakı fəaliyyətlərinə görə Gənclər Fondu tərəfindən Təşəkkürnamə ilə mükafatlandırılıb.