“QHT-ləri qrant müqavilələrinin qeydiyyatı narahat edir”

Alimemmed

Hüquq və Monitorinq Komissiyası və “Kemoniks İntereneşnl” təşkilatı “QHT qanunvericiliyi sahəsində qanunvericilik təşəbbüsü” mövzusunda dəyirmi masa keçirib.

XALQ.AZ-ın xəbərinə görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “İnkişaf naminə yerli bacarıqların artırılması” layihəsi (BLCD) çərçivəsində keçirilmiş dəyirmi masanın mövzusu barədə Hüquq və Monitorinq Komissiyasının sədri Əliməmməd Nuriyev və BLCD layihəsinin rəhbəri Morana Smodlaka məlumat veriblər.

Dəyirmi masada əsas məruzə ilə çıxış edən Ə.Nuriyev QHT qanunvericiliyinə sonuncu dəyişikliklərin daha çox vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına xidmət etdiyini bildirib və həmin dəyişikliklərin qüvvəyə minməsindən sonra meydana çıxan çətinliklərdən danışıb: “Hazırda QHT-ləri narahat edən məsələlərdən biri qrant müqavilələrinin qeydiyyatına görə yaranan çətinliklərlə bağlıdır”.

Tədbirdə çıxış edən ekspertlər Məhəmməd Quluzadə, Azər Mehtiyev, Sahib Məmmədov, Mirəli Hüseynov, Solmaz Əliyeva, Şahin Camalov,  İradə Rzazadə, Vaqif Hüseynov, Nurlana Əliyeva, Kazım Əliyev, Hafiz Həsənov QHT qanunvericiliyinə sonuncu dəyişikliklərdən sonra həm praktikadan, həm də qanunvericilikdən irəli gələn problemlərdən danışıblar.

Tədbirin sonunda bu sahədə fəaliyyətlərin davamlı olması və bu prosesdə QHT-lərə Dövlət Dəstəyi Şurası nəzdində yaradılan Hüquq və Monitorinq Komissiyasının mühüm rol oynadığı qeyd olunaraq hazırlanan təkliflər paketinin Şuraya təqdim ediləcəyi, müvafiq dövlət orqanları təmsilçiləri ilə müzakirələrin təşkil olunacağı bildirilib.