Qobustanda daş biznesi

 

34

Daxil olan məlumata əsasən, Qobustan rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şəhriyyar Soltan icra başçısı Adil Məmmədova arxalanaraq tarixi qaval daşlarının satışını həyata keçirir.

İnformasiya mənbəmiz bildirib ki, əslində rayonda Qobustan tarixi qoruğunda mühafizə olunan qaval daşlarının satışını rayon icra başçısı Adil Məmmədov təşkil edir. Belə ki, icra başçısının köməkçisi Anar Əliyev mədəniyyət və turizm şöbəsinin müdiri ilə birlikdə qaval daşlarının satılmasına nəzarət edirlər. Məlum olub ki, bu daşların əsas alıcıları paytaxtdakı imkanlı məmurlardır.

Onlar qaval daşlarını şəxsi villalarında yerləşdirmək üçün alırlar.

Qaval daşlarının orta qiymətinin 800 – 2500 manat arasında dəyişdiyi qeyd olunur. Satılan daşların pulunu isə Adil Məmmədovun köməkçisi Anar Əliyev toplayır.

Qeyd edək ki, Qobustan tarixi qoruğundakı qaval daşlarının üzərində yaşı minilliklərlə ölçülən tarixi rəsm əsərləri və izləri mövcuddur. Hətta ilk insan izlərinin təsviri belə bu qayalıqlarda öz əksini tapıb.

Qobustan milli tarix-bədii dövlət qoruğu dünya əhəmiyyətli unikal abidədir və 2007-ci ildə YUNESKO-nun Ümumdünya maddi-mənəvi irslər siyahısına daxil edilmişdir. Burada 537 ha ərazidə daş dövrdə və sonrakı dövrlərdə regionun əhalisi haqqında sübutlar – qayaüstü rəsmlər, ibtidai insanın sakin olduğu yer, qəbirüstü abidələr və digərləri bir yerə cəmlənmişdir.

Bu baxımdan tarixi-mədəni əhəmiyyətə malik qaval daşlarının satılması mədəniyyətə və YUNESKO kimi mötəbər təşkilata qarşı cinayətdir.

Lakin bu qoruğa cavabdeh olan Qobustan Mədəniyyət və Turizm idarəsinin müdiri Şəhriyyar Soltan qaval daşlarının tarixi-mədəni dəyərini nəzərə almadan maddiyaqt müqabilində daşınmasına şərait yaradır.

Bunun başlıca səbəbi isə çox sadədir – çünki rayon icra başçısı Adil Məmmədov bu cür istəyir! Pia.az