Qorxmaz Hüseynov su problemindən danışdı

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmə keçirilib.

XALQ.AZ xəbər verir ki, dinləmədə parlamentin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin deputatları da iştirak edib. 

Dinləməni Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açaraq bildirib ki, dinləmədə ölkəmizdə içməli suya olan tələbatın ödənilməsi, bu sahədə yaranan problemlər, Azərbaycandakı su ehtiyatları və içməli su mənbələri və s. barədə danışılacaq, mövcud problemlər müzakirə ediləcək. Bu problemlərin aradan qaldırılması üçün qanunverici orqanın dəstəyinə ehtiyac olarsa, parlament köməyini əsirgəməyəcək, hüquqi bazanın təkmilləşdirilməsi isitqamətində addımlar atılacaq. 

Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Bu, ilk növbədə ölkəmizdəki su mənbələrinin fərqli yerləşmə məkanı ilə əlaqədardır. Əsas su mənbələrimiz olan Araz və Kür çaylarının qonşu dövlətlər tərəfindən çirkləndirilməsi də vəziyyəti ağırlaşdırır. Azərbaycan su məsələsi ilə bağlı 17 konvensiyaya qoşulub, lakin təəssüf ki, qonşu ölkələrdən Ermənistan və Gürcüstan həmin konvensiyalara qoşulmayıblar. 

Sonra dinləmədə iştirak edən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov respublikada su təminatı məsələləri, görülən işlər və mövcud vəziyyət barədə ətraflı məlumat verib. 

“Azərsu” ASC-nin sədri qeyd edib ki, hazırda su təminatı məsələsi dünyanı təhdid edən əsas problemlərdən biridir:” Qlobal iqlim dəyişiklikləri və quraqlıq dünyada su ehtiyatlarına ciddi təsir göstərir. Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar ölkəmizdə də əhalinin içməli su təchizatına, eyni zamanda aqrar sektorun suvarma suyu ilə təminatına təsir göstərir. 

Pandemiya rejiminə baxmayaraq Komissiya qısa zamanda çox böyük işlər görüb. Eyni zamanda uzun illərdən bəri hazırlanmayan su balansı artıq hazırlanıb və ilkin təsdiqə verilib. Su balansının gələcəkdə daha təkmilləşməsi istiqamətində işlər görüləcək, ölçmə metodları daha yeni texnologiyaların tətbiqi ilə həyata keçiriləcək. Bu sənəddə ölkə üzrə olan bütün suların uçotu, qeydiyyatı, hərəkəti, itkiləri və səmərəliliyi tam qiymətləndirilə biləcək”.

Məruzəsinin yekununda “Azərsu”nun sədri su çatışmazlığı və itkilərin səbəbləri barədə də danışıb. Bu sırada magistral kəmərlərin şəbəkə kimi istifadə edildiyini, sayğacdankənar istifadə hallarını, ictimai bulaqları, bağ və həyət evlərində yaşıllıqların suvarılması zamanı sudan israfçılıqla istifadə olunduğunu, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin mövcudluğunu qeyd edib.