“Qoşulmama Hərəkatının Bakıda baş tutan tədbiri bir çox məqamlarla yadda qaldı” – Deputat

“Qoşulmama Hərəkatı dünyanın dövlət sayına və əhatə etdiyi coğrafiyaya görə ən böyük təşkilatlarından biridir. Bu təşkilatda 120-dən artıq dövlət və 10-dan artıq beynəlxalq təşkilat təmsil olunur. Təxminən 15-ə yaxın dövlətin beynəlxalq təşkilatı müşahidəçi qismində bu hərəkatda təmsil olunur. Bu baxımdan Qoşulmama Hərəkatı dünyanın ən böyük təşkilatlarından biridir”. Bu sözləri  millət vəkili Mahir Abbaszadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə hərəkatın dünyada gedən proseslərə münasibəti, dünyada sülhün bərqərar edilməsi və insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı tutduğu mövqe bir daha Azərbaycanın öz sözünü deməsinə imkan verdi: “Azərbaycan uzun müddət ərazisi işğal altında qalan, 1 milyondan artıq məcburi köçkün və qaçqın problemi ilə üz-üzə qalan bir dövlət olaraq Qoşulmama Hərəkatına üzv olan dövlətlərin bu hallar ilə qarşılaşmaması üçün addımlar atır.

Qoşulmama Hərəkatının Bakıda baş tutan tədbiri isə bir çox məqamlarla yadda qaldı. Ən əsas məqam isə Azərbaycan Prezidentinin bu tribunadan istifadə edərək, bütövlükdə Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətindəki fikirləri bir daha ifadə etməsi oldu.

Bu gün Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın ən mühüm mərkəzlərindən birinə çevrilib. Xüsusilə siyasi tədbirlərin keçirilməsi, dialoqların təşkil edilməsi, müxtəlif dövlət və hökumət üzvlərinin Azərbaycanda sərbəst şəkildə dialoq qurması baxımından da paytaxt Bakı öz sözünü demiş oldu”.