Qurtuluşla başlanan inkişaf

Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır. Hər bir azərbaycanlının qürur mənbəyinə çevrilən uğurlarımız, güclənən dövlətimiz barədə danışdıqca, istər-istəməz müstəqilliyimizin ilk illərində ölkəmizdə baş verən hadisələr, ağır siyasi proseslər gözümüzün önündə canlanır. Vəziyyətin son dərəcə kəskinləşdiyi, müstəqilliyimizin, gələcəyimizin sual altına düşdüyü 1993-cü ilin isti iyun günlərində təsəvvür belə edə bilməzdik ki, Azərbaycan nə vaxtsa möhtəşəm inkişafa nail olacaq, regionda və dünyada söz sahibi olan dövlətə çevriləcək. Çünki o dövrdə insanların sabaha olan inamları itmişdi. Xaos, anarxiya, hakimiyyətdə olan qüvvələrin səbatsızlığı ölkəni uçuruma aparırdı.

Həmin qanlı-qadalı günlərdə bütün nəzərlər haqlı olaraq Naxçıvana dikilmişdi. Çünki hər kəs yaxşı anlayırdı ki, ölkəni düşdüyü vəziyyətdən yalnız və yalnız görkəmli dövlət xadimi Heydər Əliyev xilas edə bilər. Xalqın təkidli tələbini nəzərə alan Heydər Əliyevin 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gəlişi insanların məhv olmuş ümidlərini özünə qaytardı, sabaha olan inamlarını bərpa etdi. Yadımdadır ki, həmin ağrı-acılı günlərdə hər kəs necə sevinirdi. Ağır sarsıntılar içərisində üzülən insanlar həmin gün dərindən nəfəs aldılar, sanki çiyinlərdən ağır yük götürüldü. 

1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə respublikamızın müstəqillik tarixində tamamilə yeni mərhələnin təməli qoyuldu. Hakimiyyət sükanı arxasına keçməklə Heydər Əliyev müstəqilliyimizin başının üstünü almış bütün təhlükələri dəf etdi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi və ölkəyə rəhbərliyə başlaması ilə Azərbaycanın tarixində yeni dövrün-qurtuluş və inkişaf mərhələsinin başlanğıcı qoyuldu.

Hələ sovetlər dövründə Azərbaycanı aqrar respublikadan sənaye respublikasına çevirən Heydər Əliyev iqtisadiyyatı tənəzzüldən çıxardı, o cümlədən sənayenin inkişafına böyük töhfələr verdi. Sabitliyin bərqərar olunması, normativ-hüquqi bazanın formalaşdırılması,  islahatlar nəticəsində sənayedəki tənəzzül tədricən aradan qaldırıldı. Kimya, metallurgiya, elektroenergetika, meşə, yüngül, yeyinti və digər sənaye sahələrində artım müşahidə olundu.

Azərbaycanın bugünkü inkişafı və uğurları Heydər Əliyev yolunun davamının nəticəsidir. Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi ölkə iqtisadiyyatının daha da yüksəlməsinə yol açdı. Cənab İlham Əliyevin prezidentliyi dövründə iqtisadiyyatda baş verən köklü dəyişikliklər sənayedən də yan ötmədi. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi, sənaye sahələrinin, xüsusilə qeyri-neft sənayesinin şaxələndirilməsi, yeni müəssisələrin yaradılması bu sahənin inkişafını daha da sürətləndirdi. İqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində aparılan işlər, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası qeyri-neft sahələrinin, xüsusilə emal sənayesinin inkişafına zəmin yaratdı. Təsadüfi deyil ki, ötən 18 ildə sənaye məhsulu istehsalının həcmində əhəmiyyətli artım baş verib.

Bütün bunlar göstərir ki, Azərbaycan Heydər Əliyevin 1993-cü ilin iyunundan sonra yaratdığı tarixin yeni mərhələsini yaşayır. Vətən müharibəsindəki Qələbə isə təsdiq etdi ki, dövlətimizin nailiyyətləri davamlıdır və Azərbaycan  hər zaman dünya birliyində öz layiqli yerini tutacaq.

İltizam  YUSİFOV,

Milli Məclisin deputatı