“Rəhbər kadrların kommunikasiya qurmasında böyük rol oynayır” – Deputat

“Prezident İlham Əliyevin kadr siyasəti Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, dövlətin qüdrətinin artmasına, Azərbaycan xalqına xidmətin keyfiyyətinin və səviyyəsinin yüksəlməsinə yönələn bir siyasətdir”. Bu sözləri Milli Məclisin deputatı Musa Quliyev deyib.

Deputat Prezidentin kadr siyasəti haqqında deyib: “Cənab Prezidentin kadr siyasətinin əsas tələbləri kadrların peşəkarlığının yüksək olması, intellektual və innovativ imkanlarının genişlənməsi, savadlı və dünyagörüşlü kadrların seçilib önə çəkilməsi, eyni zamanda, milli ruhlu, dövlətinə və xalqına sədaqətli, azərbaycançılıq ideologiyası altında formalaşmış və tərbiyə olunmuş, milliliklə dünyəviliyi birləşdirməyə qadir oolan kadrların seçilib irəli çəkilməsinə yönəlib. Şübhəsiz ki, Azərbaycan qloballaşan dünyanın tərkib hissəsidir və dünyada gedən iqtisadi, siyasi, sosial idarəetmə trendlərindən də geridə qalmır. Bu mənada, son dövrün tələblərinə uyğun olaraq, xüsusilə informasiya-kommunikasiya texnologiyalarını dərindən bilən və idarəetmədə bu texnologiyanı tətbiq edən kadrlara üstünlük verilir. Dil biliklərinin olması da çox vacib əlamətlərdən biridir ki, xüsusən, rəhbər kadrların kommunikasiya qurmasında böyük rol oynayır. Eyni zamanda, peşəkarlıq və sədaqətin olması da vacib şərtlərdən biridir. Məqsəd əlbəttə ki, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi, dövlətin müxtəlif strukturlarında çalışan kadrların bu sahədə töhfə verməsinin təmin edilməsindən ibarətdir. Cənab Prezident dəfələrlə öz çıxışlarında kadrlara, məmurlara və siyasilərə üzünü tutaraq söyləyib ki, “heç biriniz unutmayın ki, bizim vəzifəmiz Azərbaycan xalqına xidmət etməkdir və bu xidmətin də birinci nümunəsi mənəm”. Bu mənada xalqa xidmət əlbəttə ki, önəmli faktorlardan biridir və Cənab Prezidentin siyasətində də bu önəm daşıyır”.