Rəhim İskəndərovu Şahin Sultanovun aqibəti gözləyir

MN

MN-in Təchizat İdarəsinin rəisi vəzifə səlahiyyətlərindən necə istifadə edir?

“Gündəlik Bakı”nın ötən sayında Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisi Rəhim İskəndərovun əməlləri barəsində ətraflı məlumat vermişdik. Əvəllər Daxili İşlər Nazirliyinin tabeliyindəki Daxili Qoşunların Maddi-Texniki Təchizat İdarəsinin rəisi vəzifəsində çalışan Rəhim İskəndərov Daxili Qoşunların sabiq rəhbərliyinin etimadını qazandığından müdafiə naziri, general-polkovnik Zakir Həsənov onu hazırda rəhbərlik etdiyi struktura gətirib. Görünür Rəhim İskəndərov rəhbərliyin etimadını qazanmaqda mahirdir.

Amma bu faktı nəzərdən qaçırmaq olmaz ki, Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisinin əməllərindən xəbərsiz olmasına baxmayaraq, bizim bir çox məsələlərdən xəbərimiz var. Əldə etdiyimiz məlumatlara gorə, Daxili Qoşunlardakı “iş” üsulunu Müdafiə Nazirliyində də analoji qaydada tətbiq edən Rəhim İskəndərovu buradan da daha yüksək vəzifəyə yox, əksinə, başqa təhlükələr gözləyə bilər. Axı ona görə ki, Müdafiə Nazirliyi Daxili İşlər Nazirliyinin Daxili Qoşunları deyil. Bura tamamilə başqa strukturdur. Bütün bunlar bir yana, Müdafiə Nazirliyinin rəhbərliyi dəyişildikdən sonra illərdir saysız-hesabsız cinayətlərə yol verən Şahin Sultanovun həbsi göstərdi ki, MN-in yeni rəhbərliyi – komandanlıq heç kimə və heç nəyə güzəştə getmir. Ola bilər ki, Rəhim İskəndərov Daxili Qoşunlarda tətbiq etdiyi “iş” üsulu ilə nələrəsə nail ola bilib. Amma axı Müdafiə Nazirliyi Daxili İşlər Nazirliyinin Daxili Qoşunları deyil. İndi gələk Müdafiə Nazirliyindəki mənbəmiz vasitəsilə əldə etdiyimiz faktlara. Deməli, Rəhim İskəndərov Müdafiə Nazirliyini ən “prestijli” idarəsinin rəhbəri vəzifəsinə təyin edildikdən sonra, bir sıra hərbi hissələrdə mağazalar yaradıb. Bildiyiniz kimi, bir sıra hərbi hissələrdə həftənin xüsusi günlərində valideynlərlə “görüş” günü var. Həmin günlərdə əsgərlərlə görüşə gələn valideynlərə mağazaların içərisindəki stollarda oturmağı məcbur edirlər. Hansı ki, həmin stolların hər birinin qiyməti 8-10 manat təşkil edir. Rəhim İskəndərovun özünün təyin etdiyi xüsusi adamlar var ki, bu mağazalar ancaq onlar mallarını satdırırlar. Hətta həmin mağazalarda mənşəyi dəqiq məlum olmayan mallar da satılır. Müdafiə Nazirliyindəki mənbəmiz bildirdi ki, bu strukturda Rəhim İskəndərovun rəhbərlik etdiyi Təchizat İdarəsinə umumiyyətlə luzum yox idi. Bu iş əvvəllər Türkiyə sistemi üzrə təşkil olunmuşdu. Həmin sistem ondan ibarət idi ki, əsgərlər üçün alış-verişi xüsusi ayrılmış hərbçilər edirdilər. Lakin bu sistem ləğv olunub və onun yerinə Rəhim İskəndərovun rəhbərlik etdiyi Təchizat İdarəsi yaradıldı. Nəticəsi də ortadadır. Yığılan milyonlar bəzi işbazların cibinə gedir. İşbazlar kənardan ucuz qiymətlərə aldıqları malları hərbi hissələrdə baha qiymətə satırlar. Qeyd edək ki, qəzetimizin növbəti sayında əsgərlərin mobil danışıqlarından qazanılan milyonlardan da bəhs edəcəyik.

P.S. Rəhim Iskəndərov yığdığı milyonları kiminlə bölüşüb?