“Rəngli inqilablar” nəticəsində baş verən faciələrə görə ABŞ məsuliyyət daşıyır” Deputat

ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar qəbul etdiyi bəyanat Vaşinqtonun özünün xarici siyasətində nə qədər qeyri-ardıcıl, etibarsız bir tərəfdaş olmasının təsdiqidir. ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində keçirilmiş dinləmələr, dövlət rəsmilərinin ölkəmizə qarşı ifadə etdikləri qərəzli fikirləri və nəhayət qəbul olunan bəyanat iki ölkə arasındakı münasibətlərə ciddi zərbədir. Bu, həm də Cənubi Qafqazda sülhə və sabitliyə ciddi əngəldir.

Bunu açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Bayden Administrasiyasının təhriki, korrupsiyalaşmış, müsəlman düşmənləri olan senatorların saxta məlumatları əsasında Senatın qəbul etdiyi akt bumeranq effektini verəcək. Azərbaycan bu aktdan heç nə itirməyəcək, lakin onun qəbulu ABŞ-ın etimadının ciddi şəkildə azalmasına xidmət edəcək.

“1992-ci ildə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti geniş vüsət alanda – Xocalı soyqırımı, Qaradağlı, Ağdaban, Ballıqaya faciələri törədilən bir məqamda ABŞ bu hərbi cinayətlərin, etnik təmizləmələrin qarşısını almağa çalışmaq əvəzinə “Azadlığa dəstək aktı” adlanan qanuna 907-ci düzəlişi qəbul etdi. Burada söhbət ABŞ hökumətinin Azərbaycana maliyyə yardımını dayandırmasından gedir. Birləşmiş Ştatlar postsovet məkanında yalnız Azərbaycana qarşı belə bir sanksiya tətbiq edib. Bu sanksiya Ermənistanın əl-qolunu açdı və işğalçılıq siyasətini davam və müdafiə etmələri üçün dəstək oldu. 907-ci düzəlişin tətbiqi 2001-ci ildə – ABŞ NATO qüvvələri ilə birlikdə Əfqanıstanda əməliyyata başlayanda dayandı. Azərbaycan hava məkanını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə yardım əlini uzatdı. Əfqanıstanda terrorizmə qarşı ABŞ ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də Azərbaycan olmuşdur. Eyni zamanda, Azərbaycan Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə idi. Əfqanıstanda əməliyyatlar dayandıqdan sonra yenidən 907-ci düzəliş gündəmə gətirildi”, – deyə deputat bildirib.

O qeyd edib ki, ötən müddət ərzində ABŞ-ın Azərbaycana etdiyi yardım olduqca kiçik idi. Bu gün Azərbaycanın ABŞ-ın yardımlarına ehtiyacı yoxdur. Azərbaycan daxili imkanları hesabına Ordusunu dünya standartlarına uyğunlaşdırıb, gücləndirib. Silah-sursat almaq üçün dünya bazarında sənaye müəssisələrinin sayı kifayət qədərdir.

“ABŞ Azərbaycanın işğal edilmiş ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı rejimi hər zaman müxtəlif formalarda dəstəkləyib. Separatçıların ABŞ-a müntəzəm səyahətləri təşkil olunub, rəsmi şəxslərlə görüşləri olub. Vaşinqtonun Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqeyi ABŞ-ın vasitəçilik missiyasını kölgə altına qoyur. Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinə, etnik təmizləməyə, Xocalı soyqırımına və digər qətliamlara, bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə biganə yanaşmış ABŞ 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizi qəbul etmək istəmir”, – deyə İltizam Yusifov vurğulayıb.

Deputatın sözlərinə görə, qondarma “Dağlıq Qarabağ respublikası” özünü buraxdığını elan etdiyi halda ABŞ Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmələrin keçirilməsi Vaşinqtonun Cənubi Qafqazda münaqişələri qızışdırmaqla sülhün və sabitliyin pozulmasında maraqlı olduğunu göstərir. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ reallıqda ərazimizi işğal edən qüvvələrə dəstək verir. Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının təmin edilməsi üçün Bakının siyasətini görməzdən gələn ABŞ bölgədə sosial, humanitar və infrastruktur məsələlərinin həlli istiqamətində aparılan kompleks tədbirləri də qulaqardına vurur. Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı kimi mötəbər qurumların nümayəndələri işğaldan azad edilmiş Xankəndi, Xocalı və digər rayonlarda, qəsəbə və kəndlərdə oldular, insanlarla söhbət etdilər. Onlar Qarabağda heç bir etnik təmizləmə siyasətinin aparılmadığına dair rəy verdilər. Amma bəzi Qərb dövlətləri bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçkün salındığını iddia edirlər.

“Maraqlıdır ki, Azərbaycanın beynəlxalq normalar çərçivəsində apardığı hərbi əməliyyatların nəticələrini qəbul etməyən ABŞ Əfqanıstan və Yaxın Şərqdə 20 ilə yaxın qanlı müharibələr apardı. ABŞ bölgəyə daxil olandan sonra Əfqanıstanda narkotik bitkilər becərilməsi kütləvi hal aldı. 2003-cü ildə İraqın işğalı nəticəsində milyonlarla sakin didərgin düşdü, yüz minlərlə insan həlak oldu. Bunlar ABŞ “demokratiyasının” dünyaya verdiyi “töhfələr”in sadəcə çox az qismidir. Dünyanın müxtəlif regionlarında təşkil olunan “rəngli inqilablar” nəticəsində baş verən faciələrə görə ABŞ məsuliyyət daşıyır”, – deyə İltizam Yusifov fikirlərini yekunlaşdırıb.