Rəşad Dağlını neçə il həbs gözləyir-Məhkəmə başladı

Hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilib.

Məlum olub ki, məhkəmə müddətində dövlət ittihamının müdafiəsini tanınmış prokuror Orxan Səmədov həyata keçirəcək.

Bundan başqa o da məlum olub ki, Rəşad Dağlıya qəsdən adam öldürmə ittihamından əlavə olaraq Cinayət Məcəlləsinin 228.4-cü maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə də ittiham verilib.

Daha sonra Rəşad Dağlının vəkili Elvin Əliyev proseslərin qapalı keçirilməsinə dair vəsatət verib. O bildirib ki, məhkəmədə Rəşad Dağlının şəxsi və ailə sirləri elan oluna bilər. Məhkəmə prosesin açıq keçirilməsinə dair qərar qəbul edib.

Məhkəmənin baxış iclası mayın 1-ə təyin edilib.

***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə iclası başlayır.

Oxu.Az xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi, işin məhkəmə baxışına verilməsi gözlənilir.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.
Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamla təqsirli bilinərsə, 9 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.