Rəşad Mahmudov çağırış etdi-Milli birliyimizə xələl gətirməmək üçün susun!

Milli birliyimiz və həmrəyliyimizi sarsıtmaq istəyənlərə bir neçə söz…

10 noyabr 2020-ci ildə Ali Baş Komandanın önündə diz çökərək kapitulyasiya edən, düşdüyü acınacaqlı vəziyyətlə barışmadığını cəsarətlə deyə bilməyəcək qədər zavallı olan mənfur düşmən şərəfsizlik tarixinə hər ötən gün yeni səhifələr əlavə edir.
Yenə də vətənsevər iki qardaşımızı itirdik, yenə də canımız yandı. Onları açıq döyüşdə, elan olunmuş savaşda deyil, sevdikləri Vətənin qələbə sevincini yeni xəbərlərlə, görüntülərlə bölüşmək istədikləri üçün, alçaqcasına qurulmuş tələdə itirdik.
Belə ağır itkili günlərdə düşməndən yana çevirdiyimiz yaşarmış gözlərimizə ilişən bəzi “siyasətçilərin” düşmənin təqdirinə hesablanan hədyan sayıqlamaları yaralarımızı daha çox ağrıdır və hər bir vətənpərvərdə haqlı sual doğurur:
1) Doğrudanmı bir neçə ay əvvələ, lap dəqiq 26 sentyabra qədər hər bir azərbaycanlı üçün əlçatmaz sayılan arzular sizin dediyiniz kimi “yarıtmaz, səriştəsiz siyasət” nəticəsində kam oldu?
2) Doğrudanmı əslində nə olduqları hamıya bəlli olan beynəlxalq siyasi güclər bizim haqlı yox, haqsız olsaydıq səslərini bu qədər qısardılar?
3) Doğrudanmı bu qədər aşağılara enən bir “vətənoğlu” tapılar ki, yüz minlərlə insanın öz yurdlarına müvəqqəti buraxılmamasının səbəbini onların sağlamlığı və təhlükəsizliyindən başqa hər hansı bir dəlillə, amillə əsaslandırsın?
4) Və sonuncu sual,
doğrudanmı Azərbaycanın milli dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunan bu uğurlar və nailiyyətlər bütün məsuliyyəti öz üzərinə götürən bir Rəhbər, bir Ali Baş Komandan olmadan mümkün ola bilərdi?

Hörmətli “siyasətçilər”dən bir xahişim var: Heç olmasa belə ağır itkili günlərdə milli birliyimizə xələl gətirməmək üçün bir an, bir müddət, mümkünsə lap elə sonsuzadək susun!

Rəşad Mahmudov

Millət vəkili