Rəsmi Budapeştdən Bakıya: “Bu addım təqdirəlayiqdir”

Macarıstan Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklayıb.

Qeyd edək ki, Macarıstan blokun aradan qaldırılması üçün müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir.

Ermənistan KİV-lərinin məlumatına görə, bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Macarıstanın bu addımı anlaşılan və təqdirəlayiqdir:

“Budapeşt bu proqrama Azərbaycanın da daxil olunmasını tələb edir. Düşünürəm ki, Macarıstanın rəhbərliyi də bu məsələnin fərqindədir ki, Ermənistan 30 il ərzində Azərbaycanın 20 % torpaqlarını işğal altında saxlayıb, Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə aparıb və çox ağır hərbi cinayətlərə əl atıb.

Bu gündə Ermənistanın təcavüzkar siyasətinin nəticələri aradan qalxmayıb. İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi qalmaqdadır və bir çoxları bu təhlükənin qurbanına çevrilib. Ermənistan tərəfindən verilən mina xəritələrin yalnız 25-30 %-i doğrudur.

Bütün bunlardan Macarıstan hökuməti xəbərdardır.

Bildirim ki, Macarıstan Türk Dövlətləri Təşkilatının iclaslarında müşahidəçi qismində iştirak edir. Hazırkı Macarıstan hakimiyyətinin xarici siyasəti Türkiyə, Azərbaycan və bütün dövlətlərinin maraqlarına uyğundur.

Avropa İttifaqı Sülh Fondunun Ermənistana maliyyə yardımı ayırmasına gəlincə, onlara sual vermək lazımdır ki, Aİ nəyə görə saysız-hesabsız cinayətlərə, terror hadisələrinə, qətliamlara əl atan İrəvana bu qədər dəstək verir? Nəyə görə rəsmi Brüssel Qarabağda mina təhlükəsinə qarşı aparılan mübarizəyə maliyyə yardımı ayırmır?:

“Təbii ki, bütün bunlar ikili standartlardan irəli gəlir. Hesab edirəm ki, Macarıstan hökumətinin bu addımı Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndiriləcək”.