“Rəsmi İrəvan da başa düşür ki, sülhün alternativi yoxdur” – Elman Nəsirov

Editor.az Milli Məclisin deputatı Elman Nəsirovla müsahibəsini təqdim edir:

-Elman bəy, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış başlanıb. Elə may ayında Laçın şəhərinə ilk köç başlandı. Bu gün də 23 ailə Laçına yola salınıb. 2023-cü il Böyük Qayıdış çərçivəsində daha neçə vətəndaşın öz doğma yurd-yuvalarına qayıdışı gözləniləndir?

-Ölkə prezidenti İlham Əliyev bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı qeyd etdi ki, postmüharinə dövründə qarşıda iki mühüm strateji əhəmiyyətli vəzifə dayanır. Bunlardan birincisi işğaldan azad olunmuş ərazilərə Qarabağ və Şərqi Zəngəzura tarixi qayıdışın təmin edilməsi, həmin ərazilərin bərpası və yenidən qurulması məsələləridir. İkinci vəzifə isə hərbi gücümüzün daha da artırılmasını özündə ehtiva edir. Tarixi qayıdışın həyata keçirilməsi ilə bağlı çox ciddi işlər görülməkdədir. Bu proses intensiv baş verir. Prezidentin də qeyd etdiyi kimi Talış kəndinə və Laçın şəhərinə əhalinin qayıdışı təmin edilib. Bu ilin sonuna qədər Laçının Zabux və Sus kəndlərinə də sakinlərin qayıdışı təmin ediləcəkdir. İşğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramının birinci mərhələsi çərçivəsində 100 yaşayış məntəqəsinə qayıdışı nəzərdə tutulur. Laçın ərazisində də bu proses getməkdədir. Ailələrin köçü baş tutur. Söhbət təxminən 700 ailənin köçündən gedir. Bunun böyük strateji əhəmiyyəti var. Qarabağdakı erməni icması da öz seçimini etməlidir. Gündən-günə dəyişən, cənnət diyarına çevrilməsi planlaşdırılan Qarabağ, Şərqi Zəngəzurda yaşamaq yoxsa separatçı rejimin tör-töküntülərinin əli altında girova çevrilərək özlərinin və uşaqlarının gələcək həyatını sual altında qoymaq? Bu quruculuq işləri belə siyasi məna da kəsb edir ki,orada məskunlaşan ermənilər də öz düzgün seçimlərini etsinlər.

-Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar atılacağı ilə əlaqədar fikir səsləndirmişdi. Maraqlıdır qarşıda duran əsas məqsədlər nələrdir? Daha hansı yeni işlər görülməlidir?

– Əsas məsələlər içərisində infrastruktur layihələrinin həyata keçirilməsi dayanır. Bu istiqamətdə də əhəmiyyətli addımlar atılmaqdadır. Laçının yerləşdiyi coğrafiya onun turizm şəhərlərindən birinə çevrilməsi üçün imkan yaradır. Laçının potensialı daha çoxdur. Burada su elektrik stansiyalarının tikintisi, yaşıl zonaya çevrilməsi də həmin məsələlərə daxildir. Nəzarət buraxılış məntəqəsinin fəaliyyətə başlaması da strateji əhəmiyyətə malik olduğunu aşkara çıxardır. Əhalinin köçünün baş tutması Qarabağda Azərbaycanın həm təhlükəsizlik baxımından, həm də digər xüsuslarda mövqelərimizin daha da möhkəmlənməsi mənafeyinə xidmət edir.

Məlumdur ki, son vaxtlar Qarabağda erməni təxribatlarının şahidi oluruq. İntensiv formada atəşkəsi pozmağa cəhd edirlər. Bu kimi təxribatlar Böyük Qayıdış prosesinə maneə yarada bilərmi?

-Ermənistanda revanşizim güclüdür. Bu səbəbdən belə təxribatların olmasını başa düşmək olar. Təxribatlardan Ermənistanın özündə də hiss olunur ki, proses sürətlə Azərbaycanın xeyrinə gedir. Onların müqavimət potensialları da getdikcə zəifləyir. Müşavirə zamanı prezident də qeyd etdi ki, rəsmi İrəvanın bu kimi təxribatlarına baxmayaraq Ermənistanın iki istiqamətdə pozitiv addımlar da atır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Paşinyan hakimiyyəti Praqa görüşündə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu ilin may ayında isə parametrlər də səsləndirildi. 86.6 min kvadrat kilometr çərçivədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd etdi. Buraya Şərqi Zəngəzur və Qarabağ da daxildir. Əsas iş isə səslənən müsbət fikirlərin əməldə reallaşmasına nail olmaqdır. Qarşıda duran əsas hədəflər bunlardır. Azərbaycan da həmin istiqamətdə öz səylərini xeyli sürətləndirib. Prezident də qeyd etdi ki, Ermənistanın fikirlərini müsbət yöndə dəyişdirən məhz Azərbaycanın fəaliyyətləridir. Rəsmi İrəvan da başa düşür ki, sülhün alternativi yoxdur.