“Paris Azərbaycanın regionda yaradacağı sülhə mane olur” – Deputat

“Azərbaycan öz vətəndaşı hesab etdiyi Qarabağ ermənilərinə humanitar yardım etmək üçün bütün imkanlara malik olduğunu deyib və sözünü də tutub. Qızıl Aypara Cəmiyyətinin maşınları 40 ton həcmində humanitar yükün Ağdam-Xankəndi yolundan keçməklə Xankəndiyə göndərmək niyyətindədir. Amma Əsgəran yaxınlığında rus sülhməramlıları, bir az irəlidə isə erməni separatçıları başlanan prosesə, yükün ünvanına çatdırılmasına əngəllər törədirlər. Buradan da belə çıxır ki, Ermənistan və onun Fransa kimi havadarlarının “humanitar fəlakət”lə bağlı apardıqları kampaniya yalan və uydurmadır. Çirkin siyasət terrorçu-separatçı qurumun girovundakı ermənilər üzərindın aparılır. Bəla burasındadır ki, “humanitar fəlakət” ssenarisinin tərtibçisi, təşviqçisi və realizə edəni baş təxribatçı Fransadır. Rəsmi Paris öz rolunu çox “məharətlə” ifa edir. Bir tərəfdən sülh təşəbbüsü görüntüsü yaradır, əslində isə Ermənistan üzərindən Cənubi Qafqaza soxulmaq üçün min bir hiylə işlədir”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Bu gün regionda baş verən hadisələr sanki eyni mənbədən idarə olunur: “Qarabağda müvəqqəti nəzarət həyata keçirən rus sülhməramlıların Ağdaç-Xankəndi yolunda ermənilərlə birgə humanitar yeklərin Xankəndiyə keçidinə maneə törətmələri ilə, Fransadan gəldiyi deyilən yüklərin Laçın sərhəd keçid məntəqəsinə yaxınlaşması və burada təxribata əl atmaları arasında bir bağlılıq, sinxronluq var. Sülhməramlılar Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yüklərini “ac ermənilərə” çatmasına əngəl yaradır, digər yanda, Laçın istiqamətində isə Fransa və Ermənistan Azərbaycanın razılığı olmadan Qarabağa yük daşımaq istəyir. Bu, qətiyyən yolverilməzdir. Fransa bilir ki, sərhədləri qanunsuz keçməyin aqibəti nə ola bilər, amma buna cəhd edir və bununla da Azərbaycanı təxribata çəkmək istəyir.

Parisin əsas hədəfi Azərbaycan-Ermənistan münasibətlərini beynəlxalq səviyyədə normallaşdırmaq deyil. Fransanın Qarabağdakı ermənilərə göndərdiyi “humanitar yardım” TIR-larını müşayiət edən Paris meri Ann İdalqonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan sərhədinə gəlib. İdalqo Prezident Makronun ölkəmiz barəsində başladığı qarayaxma kampaniyasına davam etdirir. Bununla da bu oyunların tətikçisi olan erməni lobbisi Parisin merini zərbə altında qoyacaq. Çünki həmin mer Azərbaycan ərazisinə daxil ola bilməyəcək¸ bir neçə gün sonra geri qayıtmalı olacaq. Bəs sonra nə baş verə bilər? Təxmin etmək olar ki, Qarabağda yaşayan ermənilər arasında Azərbaycandan göndərilən yüklərin qəbul edilib, edilməyəcəyi müzakirə mövzusuna çevriləcək. İxtilafların yaranacağı da istisna deyil. Biz inteqrasiya tərəfdarı olub yükləri qəbul edənlərlə təmas qura, onlarla əlaqə yarada bilərik. Bu məqsədlə onlara çağırış etməliyik”.