Ramil Usubov qəbul keçirib

Ramil-1

Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov sentyabrın 27-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarından olan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak ediblər.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb. digər ərizələrin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılıb.

Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 91 nəfər də qəbulda iştirak edib.

Daxili işlər naziri Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.