Rauf Arifoğlu mükafatlandırıldı – FOTO

Yanvar ayının 30-da “Boulevard Hotel”in əsas zalında Zirvə Beynəlxalq İdman Klublarının 2019-cu ilin idman yekunlarına həsr olunmuş ənənəvi “Zirve Awards” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

XALQ.AZ-ın xəbərinə görə, tədbirdə Azərbaycan idmanının tanınmış simaları, dünya və Avropa, Olimpiya çempionları və mükafatçıları, il ərzində uğurlu nəticələri fərqlənmiş, həmçinin digər şəxslər iştirak ediblər.

Budəfəki mərasim digərlərindən fərqli olub. Belə ki, klub rəhbərliyi yeniyetmə və uşaq idmanının inkişafı və təbliğini üstün tutaraq qaliblər siyahısına məhz bu istiqamətdə fərqlənən şəxsləri daxil edib. Mükafata layiq görülən idmançıların heç birinin yaşı 17-dən yuxarı olmayıb, digər nominasiyalarda təltif edilən şəxslər də məhz bu yaşa qədər idmanın inkişafındakı xidmətlərinə görə fərqləndiriliblər. Mükafatlar iki bölmədə – Azərbaycanı beynəlxalq arenada layiqli təmsil edənlər və 7-ci “Zirvə” Beynəlxalq Uşaq Oyunarında fərqlənənlər üzrə təqdim edilib. “Zirve Awards”da “İlin idmançısı”, “İlin idman adamı”, “İlin hakimi”, “İlin məşqçisi”, “İlin federasiyası”, “İlin media qurumları”, həmçinin “Zirvə Oyunları”nda “İlin klubu”, “İlin təşkilatçısı”, “Uşaq İdmanının Təbliğindəki roluna görə” və “Olimpiya ümidləri” nominasiyaları üzrə qaliblər elan edilib.

Tədbir aparıcıların qonaqları salamlası ilə start götürüb. İlk olaraq il ərzində Azərbaycan idmanında baş verən mühüm hadisələr, əldə olunan uğurlar, həmçinin “Zirvə” BİK-in illik hesabatı – idmançıların qazandıqları uğurlar, təşkil olunan yarış və tədbirlər, həyata keçirilən infrastruktur layihələri barədə videoçarx nümayiş etdirilib. Daha sonra söz “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti, sabiq ağır atlet, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Heydərova verildi. O, “Zirvə” Beynəlxalq İdman klublarının idmançıları daxili və beynəlxalq yarışlarda ümumilikdə 236 medal əldə ediblər. Bunlardan 96-sı qızıl, 62-si gümüş, 78-i isə bürünc medal olub. Bu medallardan 169-u daxili, 67-si isə ölkə xaricindəki yarışlarda qazanılıb. Fərqlənən idman növləri arasında ağır atletika ön planda olub. 2019-cu ildə onunla rəqabətə karate, takevondo, bədii gimnastika və cüdo idman növlərindəki təmsilçilərimiz qoşularaq layiqli və nəzərəçarpacaq uğurlar qazanıblar.

Sonra mükafatlandırma mərasiminin ilk hissəsinə keçildi. Burada ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edilməsində əməyi olanlar diqqət mərkəzində oldu. İdmançılar, məşqçilər və digər mütəxəssislərə “Zirve Awards” mükafatı təqdim edildi.

Mükafatlandırma mərasiminin növbəti hissəsi 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarına həsr edildi. Öncə bu nəhəng yarışlar barədə videoçarx izlənildi. Qeyd edildi ki, 5-28 may 2019-cu il tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”nda 27 idman növündə 12 ölkədən olan, 300-ə yaxın klubu təmsil edən 4 mindən çox idmançı uşağın qüvvəsini sınayıb. Yarışlar möhtəşəmliyi ilə yadda qalıb. Kiçik bir Olimpiada kimi təşkil olunan, böyük bir idman bayramına çevrilən bu Oyunlar Azərbaycanda çox sayda ilklərə səbəb olub, gələcək üçün arxasında nəhəng izlər buraxaraq nümunə rolunu oynayıb. Yeniyetmə idmançılar bu yarışlarda ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, sərbəst və yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medallar uğrunda mübarizə aparıblar. Medal sıralamasında ilk 3 yeri “AAAF Park Zirvə” 63 (20 qızıl, 22 gümüş, 21 bürünc), “Neftçi” 44 (12 qızıl, 9 gümüş, 23 bürünc) və “Sumqayıt-Təhsil” 13 (9 qızıl, 3 gümüş, 1 bürünc) medalla tutublar.

Daha sonra Oyunlarda fərqlənənlərə “Zirve Awards” mükafatları təqdim edildi. “İlin media qurumu” nominasiyasında isə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Real TV-nin rəhbəri Mirşahin Ağayev mükafatkandırıldılar. Sonda bu ilin may ayında Astarada keçiriləcək 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının təqdimat videoçarxı yayınlandı, yarışların bayrağının rəsmi keçidi prosesi həyata keçirildi.

undefined
undefined

XALQ.AZ