“Regionlarda sosial xidmətlərin daha da yaxşılaşdırılması əhalinin maddi rifahının yüksəldilməsinə xidmət edir” – Deputat

Vətən müharibəsindən dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinə başladı. Bu gün hər birimiz Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərini böyük ruh yüksəkliyi ilə izləyirik. Dövlətimiz işğaldan azad olunmuş torpaqlarımıza həyatın yenidən qayıtması, vətəndaşlarımızın tezliklə öz doğma el-obalarına qayıtması üçün var-qüvvəsini səfərbər edib. Lakin bu, o demək deyil ki, digər bölgələrimiz diqqətdən kənarda qalıb. Dövlətimizin başçısının bir sıra rayonlara son səfəri digər bölgələrimizin də diqqət mərkəzində olduğunu deməyə əsas verir. Bu, bir daha regionların inkişafının ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olduğunu təsdiqləyir.

Bu fikirləri  Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Prezident İlham Əliyevin regionlara hər səfərinin mühüm hadisələrlə yadda qaldığını vurğulayan deputatın sözlərinə görə, yeni infrastruktur obyektlərinin istifadəyə verilməsi əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Yeni obyektlərin istifadəyə verilməsi həm də onlarla, yüzlərlə vətəndaşımızın iş yeri ilə təmin olunması deməkdir. Məqsəd isə insanların həyat şəraitini, sosial rifahını daha da yaxşılaşdırmaqdır.

“Prezident İlham Əliyev Qazax, Şəmkir, Samux və Bərdə rayonlarında oldu, bir sıra mühüm infrastruktur layihələrinin açılışında iştirak etdi. Dövlətimizin başçısının Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi, Bərdədə Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi, Samuxda Sərkar kənd uşaq musiqi məktəbinin və Şəmkirdə Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışını etməsi ölkəmizdə elm və təhsilə olan diqqət və qayğının bir təzahürüdür. Bu, onu göstərir ki, uşaq və gənclərimizin təhsili, intellektual səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılır.

Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyli və digər məşhurların təhsil aldığı Qazax Müəllimlər Seminariyasının yenidən dirçəldilməsi Azərbaycan elmi və təhsili üçün mühüm hadisədir. Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü məhz Ada Universitetindən gəlib. Gələcəkdə Qazax Mərkəzində müasir tipli yeni məktəbin qurulması və kollecin təsis edilməsi nəzərdə tutulur. Həmçinin mərkəzin nəzdində elmi-tədqiqat şöbəsi açılacaq. Bunlar çox diqqətçəkən məqamlardır”, – deyə M.Abbaszadə vurğulayıb.

Paytaxt və regionlarda məktəblərin inşası və bərpasında Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirən deputat Samux rayonunda Sərkar kəndində inşa edilən və 29 dərs otağı olan məktəb binasının istifadəyə verilməsini əlamətdar hadisə adlandırıb. Təhsil ocağının bütün lazımi şəraitlə, mebellə təmin olunduğunu diqqətə çatdıran deputat hazırda rayonda Heydər Əliyev Fondu tərəfindən 3 saylı körpələr evi-uşaq bağçası üçün də yeni bina inşa olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Qeyri-neft sektorunun inkişafı baxımından Qazax rayonunda “Venzana” mebel fabrikinin istifadəyə verilməsinin əhəmiyyətini qeyd edən M.Abbaszadə bildirib ki, illik istehsal gücü 14 min 260 mebel dəsti olan müəssisədə 425 nəfər işlə təmin olunub. “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılan fabrikə Sahibkarlığın İnkişafı Fondundan 10 milyon manat güzəştli kredit ayrılıb, müəssisə 1,8 milyon manat məbləğində vergi və rüsumlardan azad edilib.

Deputat qeyd edib ki, belə müəssisələrin fəaliyyəti sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verməklə yanaşı, həm də daxili bazarın tələbatını ödəyir. Onun sözlərinə görə, fabrik və zavodların yaradılması ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin uğurla davam etdirildiyini deməyə əsas verir.

“Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla, regionlarda aparılan quruculuq işlərinin səviyyəsinin aparılması, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə xidmət edir”, – deyə Mahir Abbaszadə vurğulayıb.