Rövnəq Abdullayev Prezidentə məlumat verdi

 

66

 

600 şagird təhsil alacaq.

Sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasında yaradılan şəraitlə tanış olub.

XALQ.AZ  xəbər verir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirilib ki, bu təhsil ocağının tikintisinə ötən ilin avqust ayında başlanılıb. Kompleks qısa müddətdə müasir tələblər səviyyəsində inşa olunub.

Bakı İstedadlar Təhsil Kompleksi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin beynəlmiləl məktəbidir. Kompleksin foyesində Heydər Əliyevin təhsilə göstərdiyi qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Məktəbdə təhsil ingilis dilində aparılır. Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası isə Azərbaycan dilində tədris olunur. 1200 şagird üçün nəzərdə tutulan Bakı İstedadlar Təhsil Kompleksində ilk vaxtlarda 600 şagird təhsil alacaq. Kompleksdə təlim-tədris prosesi 3 yaşından başlayaraq məktəbəqədər təhsil, ibtidai təhsil, orta təhsil və ali məktəblərə hazırlıq mərhələlərini əhatə edəcək.

Qeyd edək ki, Bakı İstedadlar Təhsil Kompleksi təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yaşayan, yüksək intellektual qabiliyyətə və parlaq istedada malik uşaqların aşkara çıxarılması və onlara müasir standartlar səviyyəsində bilik və bacarıqların aşılanması üçün nəzərdə tutulmuş yeni tipli təhsil müəssisəsidir.