Rüfət Quliyev: “İctimai və humanitar fənlərin bütün universitetlərdə tədrisi zəruridir”

Rufet Quliyev

 

“Çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsin.”

H.Əliyev

Azərbaycan xalqının ümummilli lideri

 

İctimai və humanitar elmlərin tədrisinin vacibliyi barədə Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq Komitəsinin üzvü, professor Rüfət Quliyevin fikirləri: “Son zamanlarda bəzi yazılı materiallarda, polemika və kuluarlarda qeyri-humanitar yönümlü ali təhsil müəssisələrində ictimai və humanitar fənlərin tədrisinin məqsədyönlü olmaması barədə mövzular müzakirə olunur. Bir iqtisadçı alim, Azərbaycan Texniki Unuversitetinin kafedra müdiri kimi hesab edirəm ki, bu, çox zərərli tendensiya olub, mənəvi dəyərlərimizi deqradasiyaya apara bilər. Milli və mənəvi dəyərlərin müəyyən dərəcədə aşındığı, qlobalizasiya proseslərinin hər sahəyə nüfuz etdiyi bir dövrdə belə fikirlərin ortaya atılması xüsusilə çox təhlükəli və yolverilməzdir. Çünki müasir gənclik çox həssas və yeniliyə meyillidir, baxmayaraq ki, bu yeniliklərin heç də hamısı arzuolunan deyil.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Milli Konservatoriyanın yeni binasının açılışı zamanı qeyd etmişdir: “Qloballaşdırma dağıdıcı təsiri ilə ictimai həyatımıza daxil olur, milli əsasları bir növ sarsıdır. Gənc nəslin milli ruhda böyüməsinə ciddi fikir verməliyik”.

Prezidentin proqram xarakterli bu göstərişi ictimai və humanitar fənlərin tədrisi üçün geniş meydan açmışdır. Çünki milli dəyərlərin, ənənələrin tarixi köklərin öyrənilməsi və təbliği daha çox ictimai və humanitar elmlərin tədrisi ilə bilavasitə bağlıdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, hörmətli akademik cənab Ramiz Mehdiyev “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məşhur məqaləsində bu məsələyə xüsusi önəm verərək yazır: “İctimai elmlər cəmiyyətdə baş verən proseslərin və dövlət vətəndaş münasibətlərinin əlaqələndirilməsini təmin etməlidir. O, elmimizi obyektiv istiqamətlərə yönəltməklə millətin düşünən beyininə, insanlarımızın ictimai əxlaqının yüksəldilməsinə, bütünlükdə inkişafın aparıcı amilinə çevrilməlidir”.

Hörmətli akademikimizin bu sözləri bütün sahələrdə çalışan insanlara aiddir. Çünki, tarix, fəlsəfə, ədəbiyyat, iqtisadi elmlər barədə məlumatı olmayan şəxsi heç də ziyalı adlandırmaq olmaz. Mən demirəm ki, qeyri-humanitar yönümlü universitetlərdə təhsil alan tələbələr bu fənlərin dərinliyinə varmalıdırlar (belə olarsa, daha yaxşı olardı), ancaq bu fənləri tədris proqramları çərçivəsində bilməlidirlər. Qeyri-humanitar təmayüllü ali təhsil müəssisəsini bitirmək o demək deyil ki, bu məzunlar bütün ömürləri boyu mühəndis və ya həkim vəzifəsində çalışacaqlar. Bunların içərisində gələcəyin ictimai-siyasi xadimləri, yüksək dövlət vəzifələrində işləyəcək şəxslər də, uğurlu sahibkarlar da yetişir. Bir qayda olaraq Azərbaycanda Nazirlər Kabinetinin (sovetlər dönəmində Nazirlər Sovetinin) rəhbərləri həmişə mühəndislər, iqtisadçılar olublar və indi də bu belədir. Rəhbər vəzifədə işləyən şəxsin tarixdən,

iqtisadiyyatdan da başı çıxmalıdır. Çünki, hər bir rəhbər işçi eyni zamanda ictimai-siyasi xadimdir, natiq və təbliğat işinin bilicisidir. Belə olmasa, o, siyası və ya iqtisadi mövzuda istər ölkə daxilində, istərsə də xaricdə öz opponentlərilə dialoq apara bilməz və dediklərini də konkret faktlarla sübut edə bilməz. Onu da xüsusilə qeyd etmək lazımdır ki, indiki şəraitdə bədnam qonşularımız hər addımda Azərbaycana qara yaxır, tarixi saxtalaşdırmağa, iqtisadi uğurlarımıza kölgə salmağa çalışırlar. Siz görürsünüz ki, beynəlxalq səviyyəli tədbirlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz dərin arqumentli çıxışları ilə erməniləri rəhbərlərini necə susdurur, yerində oturdur. Ona görə ki, o, ölkəsinin tarixini, mədəniyyətini, iqtisadiyyatını gözəl bilir və yeri gələndə bu sahələrdəki biliyini zərgər dəqiqliyi ilə nümayiş etdirir.

Biz sovet quruluşundan imtina etsək də, o quruluşun rasional dənləri olan müsbət cəhətlərindən istifadə etməklə heç nə itirmirik, əksinə qazanırıq. Mən cəsarətlə deyirəm ki, sovet təhsil sistemi və bu sistemin verdiyi bilik çox təqdirəlayiq idi. Bu sistemi sovet rəhbərləri özləri icad etməmişdilər və onun əsas elementləri Alman təhsilindən götürülmüşdü. Məgər dünyanı dəyişdirən bu iqtisadi-siyasi quruluşun başbilənləri boş yerə ali təhsil müəssisələrində partiya tarixi, fəlsəfə, siyasi iqtisad və s. kimi fənləri tədris proqramlarına daxil etmişdilər?. Biz, yaşlı və orta nəslin nümayəndələri, sovet şinelindən çıxmışıq və ədalət naminə qeyd etməliyik ki, sovet mütəxəssislərinin çoxunun hərsahəli biliyə, o cümlədən iqtisadi biliklərə malik olduqlarının şahidiyik. Bu biliklər onlara irsən verilməmişdi, bu biliyi onlara institutlar vermişdi. Bir də qeyd edirəm ki, bütün qeyri-humanitar yönümlü institutlarda ictimai fənlər tədris olunmasaydı, bu mütəxəssislər siyasi savadsız olardılar və gələcəyin səriştəli rəhbər işçiləri kimi yetişə bilməzdilər. Biliyi yalnız kitablar verir. Müdriklər demişlər: “kitabsız elm öyrənmək çaydan xəlbirlə su gətirməyə bənzəyir”.

Həyat göstərir ki, ictimai və humanitar sahədə olan məşhurların heç də hamısı bu sahənin mütəxəssisləri deyillər. Bütün dünyada məhşur olan çağdaş yazıçılarımız Çingiz Abdullayev heç də filoloq deyil. O, ixtisasca hüquqşünasdır. Belə faktlar çoxdur və bu, onu göstərir ki, bütün ali təhsil müəssisələrində zəruri ictimai fənlərin tədrisi vacib amildir.

Bu məsələ ilə əlaqədar mən Azərbaycan Texniki Universitetinin Böyük Elmi Şurasının 2016-cı il 30 noyabr tarixdə keçirilən iclasında çıxış edərək bildirdim ki, Azərbaycanın qeyri-humanitar təmayüllü ali təhsil ocaqlarında ictimai və humanitar elmlər, o cümlədən tarix, politologiya, iqtisadi nəzəriyyə fənləri tədris olunmalıdır və bu, günün tələbidir.

Çıxışımda onu da qeyd etdim ki, Texniki Universitetin hazırladığı kadrlar ənənəvi olaraq həmişə diqqət mərkəzində olublar. Onların arasında sovet dönəmində partiyanın Mərkəzi Komitəsinin birinci katibi, Respublika Nazirlər Sovetinin sədri, Bakı şəhər partiya komitəsinin birinci katibi, rayonların çoxsaylı birinci katibləri və İcraiyyə Komitələri sədrləri, nazirlər, iri müəssisələrin rəhbərləri olublar. Təbii ki, bu şəxslər öz ixtisasları ilə bərabər iqtisadiyyatı da yaxşı biliblər. İqtisadiyyatı bilməyən müəssisə rəhbərini heç o dövrdə də, indi də təsəvvürə gətirmək qeyri-mümkündür. Yalnız sırf öz ixtisasını bilən insan birtərəflidir, cəmiyyətdə gedən proseslərə laqeyddir. Mən həmçinin Elmi Şura üzvlərinə sual verdim ki, kim zəmanət verə bilər ki, əgər ictimai və humanitar elmlər tədris olunmasa, tələbələr daha yaxşı nəticələr əldə edəcəklər? Yaxşı oxuyan tələbə fənlərin xarakterindən və sayından asılı olmayaraq elə yaxşı da oxuyacaq, çünki bu, onun qanındadır.

Düzdür, bir sıra xarici ölkələrdə qeyri-humanitar təmayüllü ali təhsil ocaqlarında bilavəsitə əsas ixtisas fənlərinin tədrisi praktikası mövcuddur. Lakin, mən hesab edirəm ki, belə praktika Azərbaycan xalqının

mentaliletinə uyğun deyil. Biz öz tariximizi, milli adət-ənənələrimizi sevən və yaşadan xalqıq. Tariximizi unutsaq, biz də unudularıq. Bir el məsələsində çox sərrast deyilmişdir: “Keçmişinə tapancadan atəş açanı gələcək topa tutacaq”. Tarixi, milli kökləri həmişə qoruyub saxlamaq və gənclərimizi də bu ruhda tərbiyələndirməliyik.

İctimai və humanitar fənlərin qeyri-humanitar təmayüllü universitetlərdə tədrisinə qarşı çıxan bəzi diletantlara ulu öndərimiz Heydər Əliyevin bu kəlamını xatırlatmaq istərdim: ”Hər bir gənc əsaslı təhsil almalıdır. Hər bir gənc müasir həyatın tələblərini mənimsəməlidir. Hər bir gənc müasir həyatda iqtisadiyyat, siyasət sahələrində, sosial sahədə bütün yenilikləri, dünyada gedən prosesləri bilməlidir””.