“Rusiya taxılının Türkiyə vasitəsilə və Qatarın da iştirakı ilə ixracı baş tutacaq” – Deputat

“Dünən bütün dünyanın gözü Rusiya və Türkiyə prezidentlərinin Soçidə baş tutan görüşündə idi. Bu görüş zaman “Taxıl dəhlizi”nin yenidən açılması məsələsi müzakirə edilirdi. Lakin yekun bəyanatdan da belə başa düşüldü ki, Rusiyanın şərtləri yerinə yetirilmədiyi üçün bu dəhlizin istifadəsi ilə əlaqadar olan müqavilə yenilənməyibdir. Rusiya nə zaman şərtlərinin yerinə yetiriləcəyini görsə və bu şərtlər reallaşsa, o zaman məsələyə yenidən qayıdıla bilər. Lakin bu dəhlizə alternativ olmayan yeni bir xətt üzrə Rusiya, Türkiyə və Qatar birlikdə Rusiya taxılının daşınmasını həyata keçirə bilərlər. Bu məsələ müzakirə olunur”. Bu sözləri  deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, həmçinin, Vladimir Putin bəyan etdi ki, bu il məhsul ötən ilə nisbətən daha yaxşı olacaq: “Bu baxımdan, onlar bu marşrut üzrə məhsulların, əsasən, kasıb ölkələrə çatdırılması şərti ilə öz məhsullarını ixrac etməyə hazırdır.

Bütün bunlarla yanaşı, jurnalistlərin səsləndirdiyi suallar əsasında verilmiş cavablardan da aydın oldu ki, Rusiya tərəfi cənab Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsi ilə bağlı göstərdiyi səyləri müsbət dəyərləndirir. Türkiyə də Rusiya Ukrayna müharibəsinin ən qısa zamanda ədalətli sülh prinsipi əsasında həll olunacağını ümid edir.

Bununla yanaşı Cənubi Qafqaz, Rusiya-Türkiyə münasibətləri və digər məsələlərin də müzakirə edildiyi ehtimal olunur. Görüşün çox səmimi ortamda baş tutması hər iki prezidentin bədən dili vasitəsailə verdiyi mesajlardan hiss olunurdu. Həmçinin, görüş öncəsi Vladimir Putinin cənab Rəcəb Tayyib Ərdoğanı şəxsən qarşılaması və yola salması da iki lider arasında xoş, səmimi və dost münasibətinin olmasını deməyə imkan verir.

Biz ümid edirik ki, yaxın gələcəkdə Rusiya taxılının Türkiyə vasitəsilə və Qatarın da iştirakı ilə ixracı baş tutacaq. Bunlarla yanaşı Türkiyənin koordinatoru və vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibənin ən qısa zamanda sülh yolu ilə həll olunacağı mümkünləşəcək”.