Sədr görüş keçirib

 

41

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.Sədr qonağı səmimi salamlayaraq, müstəqil Azərbaycanın İsrail dövləti ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirdi. Qeyd edildi ki, dövlət başçılarının görüşləri və yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri zamanı aparılan danışıqlar əməkdaşlığımızın daha da dərinləşməsi üçün yaxşı zəmin yaratmışdır. Bu günədək ölkələrimiz arasında  7 sənəd imzalanmış, 6-sı isə baxılmaq üzrədir.Milli Məclisin Sədri yüksək səviyyəli siyasi dialoqun iqtisadi münasibətlərimizə də müsbət təsir göstərdiyini söylədi. Bildirildi ki, ötən il dövlətlərimiz arasında ticarət dövriyyəsi 1 milyard 300 milyon ABŞ dolları həcmində olmuşdur. Biz gələcəkdə bu göstəricini yüksəltmək niyyətindəyik.Spiker münasibətlərimizin dərinləşməsində  parlamentlərin roluna diqqət çəkərək, deputatların qarşılıqlı səfərlərini və görüşlərini önəmli hesab etdi. Söhbətdə bildirildi ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Sədr bu məsələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İsrail xalqına və dövlətinə təşəkkür etdi. Qeyd edildi ki, xarici ölkələrdə  fəaliyyət göstərən yəhudi diasporaları da bu məsələdə əhəmiyyətli rol oynaya bilərlər. Hər iki ölkə diasporasının əlaqələrinin güclənməsi ümumi işin xeyrinə olardı. Səmimi qəbul üçün minnətdarlığını bildirən Aviqdor Liberman siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimizin inkişafından məmnun qaldığını söylədi. O, parlamentlərarası əlaqələrimizin dərinləşdirilməsini  günün tələbi hesab etdi. Bu baxımdan parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı. Qonaq Azərbaycanda  mövcud olan tolerantlığı digər dünya dövlətləri üçün nümunə kimi dəyərləndirdi. Qeyd edildi ki, ölkədə müxtəlif millətlərin və dini məzhəblərə məxsus xalqların dostluq və qarşılıqlı anlaşma şəraitində uzun illərdən bəri davam edən birgə yaşayışı həqiqətən heyrətamizdir.Qəbulda parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, diasporaların qarşılıqlı fəaliyyəti və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, İsrail Dövlətinin ölkəmizdəki səfiri Rafael Harpaz və digər rəsmi şəxslər iştirak edirdilər.