Səfər Mehdiyev Xuan Rodriqo Labardini Floreslə görüşüb

Oktyabrın 21-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

XALQ.AZ xəbər verir ki, səfiri səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasında mövcud münasibətlərin hazırki durumundan məmnunluqla bəhs edib, Azərbaycan və Meksikanın iqtisadi sferada qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Komitə sədri bildirib ki, son dövrlərdə iki ökə arasında ticarət dövriyyəsinin artmasının əsas amillərindən biri də səmərəli və işgüzar əlaqələrin mövcudluğudur.

İki ölkənin gömrük qurumları arasındakı əlaqələrdən də söhbət açan Səfər Mehdiyev “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş”in imzalanması prosesinin sürətləndirilməsinin zəruriliyini vurğulayıb, bu sənədin qarşılıqlı iqtisadi-ticari münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.