Şəhidlərimizin intiqamı düşməndən döyüş meydanında alındı

İşğaldan altında qalan torpaqlarımızın azadlığı Vətən müharibəsindən keçdi. Vətən müharibəsinin başlanmasının ildönümü – 27 sentyabrdır. 30 ilə yaxın əsarətdə qalmış torpaqlarımızın azadlığa qovuşması üçün təəssüf ki, müharibənin yazılmamış qanunları ilə şəhidlər verdik, yüzlərlə mərd oğlumuz yaralandı

Bunu açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.


Millət vəkili qeyd edib ki,vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.


M.Məmmədov bildirib ki,yaralanan döyüşçünün yarası hər bir azərbaycanlının yarasıdır. Prezident İlham Əliyev “Mən hər zaman qazilərin yanında olacağam” kəlməsində bütün müharibə iştirakçılarına olan münasibətini ifadə edib. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı torpaqların azadlığı uğrunda döyüşə yollanan qəhrəman övladlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsinin ildönümü ilə əlaqədar qəhrəmanlıqla döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında olan şəhidlərin banklar qarşısında kredit öhdəlikləri silinib. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu hər birimizi qürurlandırır. Bütün aidiyyəti dövlət qurumlarının potensialı Şəhid və Qazi ailələrinə xidmətə səfərbər olunub.


Deputat qeyd edib ki, vətən müharibəsində iştirak edənlərə verilən ali qiymət fəxri adlarıdır. Dövlət hər bir qazi və şəhid ailəsinin yanındadır. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Şükürlər olsun ki, Azərbaycan xalqı şəhidlərimizin intiqamını düşməndən döyüş meydanında aldı və onların qanı yerdə qalmadı. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.


Hər bir şəhidə Allahdan rəhmət, ailələrinə səbr, Qazilərimizə cansağlığı diləyirik.