Səni vəsf eyləyən nəğmə gözəldir – Çuvaşistan

 

12

 

“Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” silsiləsindən Çuvaşıstan və Çuvaş türkləri”

“Sən bu diyara xoş gəldin”

Bir çuvaş şairi söyləyib belə, söyləyib, tanıyın bu ölkəni siz… Yaşıl meşəsində ötər quşları. Sizi ovsunlayar sözü, nəğməsi… Nə rəqsdən, nə işdən doyular burda… Daim gənc qalacaq deyir bu ölkə, hər vaxt sevimlidir, qəlboxşayandır. Peder Xuzanqayın şeridi. Belə vəsf eyləyir Çuvaşıstanı, onun qədimdən-qədim xalqını:

Tanıyın bu xalqı siz
Bax, onun yüz min səsi,
Yüz min nəğməsi vardır.
Yüz min gözəl kəlməsi…
Yüz min güldən, çiçəkdən
Naxışlar düzə bilir.
Buyurun qonaq gəlin –
Bütün dediklərimi
Görəcəksiniz bir-bir.

“Qonaqsız ev suyu sovulmuş dəyirman kimidir” düşüncəsi bütün türk dünyasının ortaq yaşam tərzindən, insanlıq, insaniyyət durumundan gəlir.
Adını əziz tutub, doğma bilənləri, ünvanını deyib gələnləri belə açıq ürəklə qutlamaq türk düşüncəsindən gəlmədi və bu düşüncənin poetik ifadəsi də elə türk şairlərinin başlıca mövzularından ibarət olub. Deyək ki, Azərbaycanın xalq şairi Süleyman Rüstəm də çuvaş şairi Peder Xuzanqayın əsrdaşı idi, vur-tut odan bircə yaş böyük idi. Ancaq eyni anlamla, könül açıqlığı ilə dünya xalqlarını, dost-qardaş elləri “vətənimin seyrinə çağırıram elləri, cənnət görmək istəyən Azərbaycana gəlsin!” – deyə bəyan edirdi. Elə çuvaşıstanın təbii gözəlliklərinə Peder Xuzanqay da eyni baxış, münasibət ucalığından ayna tutur:

Tanıyın bu ölkəni
Burda gənclik eşqi var.
Sevimlidir, əzizdir
Bu qədim, gözəl diyar. 

Qədimliyinə və gözəlliyinə könül verib də qədəm basdım Çuvaşıstana. Keçdiyim yollarını,seyr etdiyim ormanlarını əziz bilib getdim. Bu gözəl şeirdə deyilən gözəllikləri öz gözlərimlə görmək, ruhumca dərk etmək üçün getdim. Keçdiyim hər yol-cığır “qədəm qoyub asta-asta sən bu diyara xoş gəldin” mehribanlığı ilə çıxdı qarşıma. Sevdiyim bir türk şairinin misrasıyla salam verib, əleyk aldlm bu gözəl diyarla; elə hey könlümdən keçirdim ki, “səni vəsf eyləyən nəğmə gözəldi…”
Bu unudulmaz yolçuluq boyu xalq şairi Sabir Rüstəmxanlının sərhədsiz türk dünyası, doğma vətən haqqında olan bir şerindən misralar dönüb-dönüb də yenidən dolaşırdı yaddaşımda:

Bu vətən deyilən dünyam sirlidi.
Bir paytaxta sevinc, bir paytaxta qəm.
Bu vətən torpağı çox qəribədir,
Hələ sərhəddini tapa bilmirəm. 

Arxasınca başqa bir sevilən şairimizin – həmyerlim Məmməd İsmayılın misraları gəlir:

Hələ bir kimsənin yoxdu xəbəri,
Məni bu yerlərə səsləyən nədir?

Gözəlim Çuvaşıstana yetişincə, yetişib də könül oxşayıb, ruh dincəldən özəlliklərini seyr etdikcə, eyni zamanda və daha çox, tarixi durumuna yaxından bələd olduqca məni o yerlərə səsləyən duyğunun əslində ruh birliyi, qançəkərlik, kökdən gəlib-kökə gedən bir bağlılığın olduğunu duyub-dərk etdim. Hara getsəm dərdi də mənimlə gedən vətənimin dərd- sevinc ortağı gördüm Çuvaşıstanı, “uludu-möhtərəmdi” deyə hər keçdiyim məkanına baş endirib, bağır basdım. Körpə bir cocuq kimi çiçəyinə, tarix qoxusuna bələndim. Gözüm işləyib, könlüm yetdikcə sərhəd civarlarına nəzər yetirdim. Xəritələşmiş varlığı önündə şaşırıb qaldım; bu görünüş yüzdə-yüz faiz Başqırdıstan respublikasının coğrafi xəritəsinin eynidi. Bəlkə də çəkəni səhv salıb çəkib. Türk ruhunun doğmalığı önündə beləcə çaşmağa, müqəddəs yanlışlıq etməyə nə var. Özümü toparlayıb yenidən baxır, diqqət yetirirəm. Yox ki, yox!! Yüzdə-yüz faiz belədi. Hər cizgi eyni doğmalığı təkrarlamaqdadı. Qonmağa yurd-yuva arayan qartal şəkillidi bu gözəl ölkə. Baxıram-Başqırdıstanın coğrafi-fiziki xəritəsi belə, Azərbaycanınkı belə, Çuvaşıstanınkı belə…
Paytaxtı Çeboksarıdı. Açması “su başındakı, şəhər”, “şubaşkar” deməkdir. Bayrağındakı ulduzlar keçmişi, bu günü və gələcəyi özündə ehtiva edir. Sarı Günəş gözəlliyini, qırmızı həyatı göstərməkdədi.

Qısa tanışlıq

Çuvaşıstan və ya Çuvaş Respublikası Rusiya Federasiyası tərkibində muxtar respublikadı. Rusiyanın Avropa hissəsində yerləşir. Ərazisi 18300 kv.km olan bu ölkə Volqa çayının orta axarında, çox mühüm su və quru yollarının üstündə yerləşir, Şimal və şimal Qərbdə Mari Muxtar Respublikası, eləcə də Rusiyanın Qorki bölgəsi, Şərqdə Tatarıstan, Cənubda Rusiyaya bağlı Ulyanovski bölgəsi, cənub-şərqdə Merdva Muxtar Respublikası, Qərbdə isə Arozamas bölgəsi ilə qonşudur. Cənubdan Şimala 190, Qərbdən Şərqə 160 km-dir.. Türk coğrafiyasının Şimaldakı ən qərb ucudur və Ural dağlarının Avropa yaxasında yer alır.
Əhalisi 1.839 min nəfərdi ki, onlaron da 67,8 faizini çuvaş türkləri təşkil edir. 2 milyondan çox çuvaşın isə əsasən Başqırdıstan, Tatarıstan, Samara, Ulyanovsk, Orenqurq və Sibirdə – əsasən Tümendə yaşadığı bilinməkdədi. 600 mindən çox çuvaçın Rusiya Federasiyasının müxtəlif bölgələrində məskunlaşdığırəsmi mənbələrdə yer alıb.
Abad, xüsusi dizaynla süslənmiş evləri, inzibati binaları çevrələyən şose yollarının uçaqdan görünüşü bizim doğma Bakı şəhərinin Nərimanov rayonu səmtindəki, “Koroğlu” metrosu ərazisindəki durumu xatırlatmaqdadı. Milli libasdakı qız-gəlinlərinin görkəmindən XVIII-XIX əsr Gəncəmizin, Şəkimizin, Şamaxının, Lənkəranın saray həyatının tanış mənzərəsi ürpənməkdədi.

Əl üstə kimin əli?..

Bu, bizim ən unudulmaz uşaqlıq oyunlarımızdandı: Əllər qabağa uzanır, bir-birinin üstünə kəpənək kimi qonur, gözlərsə sım-sıx qapanır. Yuxarı qat aşağı qata “əl üstə kimin əli” – deyə səsləniş edir. Gərək gözünü açmadan, diqqət yetirmədən üstəki əlin kimə məxsus olduğunu əlbəəl tapa biləsən. Yoxsa oyun qaydalarına görə cəzalanacaqsan… Əllər də o qədər doğma, hərarətlidi ki, baxmamışdan da həmən kimə məxsus olduğunu bilməyə nə var… Bizim “Yallı”, “Halay” xalq rəqslərimizdə də belə səhnə var: Əl-ələ tutub bir dairə boyu rəqsə başlarlar. Arada bu dairə sım-sıx yaxınlaşar və oynayanlar bir-birinin qolu altından köynəkdən keçirmiş kimi burulub keçərlər; – əllər-əllərə qarışar, bir olar, birləşər, seçib-ayırmaq olmaz ki, kimin əli hansıdı…
Çuvaşıstana səfərim çərçivəsində daha çox açıq meydançalarda bu səhnələrin oxşarını, yüzdə-yüz bənzərini gördüm: milli geyimli qızların – oğlanların üz-üzə dayanıb əllərini bir-birinə söykək etmələrini maraqla izlədim. Bu sıralanma uzun bir tunel fonu yaratmaqdadı. Bizlərdə ağac çubuqları beləcə uc-uca bağlayıb çoban dəyələrinin çadır, keçə örtüklərini də üstünə atarlar. Və ya şose yolun hər iki üzündən sırayla əkilmiş şam ağacları göy üzündə beləcə baş-başa gələr, yaşıl bir tunel şəkillənməsi göz önündə olar. Üzbəüz dayanıb əllərini bir-birinə dayayan çuvaş insanlarını baş-başa dayanmış şam ağacları kimi, baş-başa çatılmış çubuqlar kimi gördüm; cərgə-cərgə olmuş soydaşları o əllərin altından dərin ehtiramla keçirdilər. Elə bil bir çadır altından keçirdilər, elə bil havasına uçunduqları bir doğma evə daxil olurdular, elə bil tarix ətri, qoxusu verən bir köynək altından keçirdilər.
Milli ornamentlərlə naxışlanmış, şaman inanclarının şəkillənməsilə bəzədilmiş şaxələnmiş dekorativ ağac heykəlinin budaqları altında cərgələnib şəkil çəkdirən çuvaş qızlarının qədd-qamətləri Burla Xatun, Selcan Xatun nəm-nişanlıdı. Ədalar tanışdı, doğmadı mənə. Qədim bir el mahnımızın ruh yaşantısı hər görünüşlərindən əl etməkdədi:

Ağac olaydım,
Yolda duraydım,
Yar gələn yola
Kölgə salaydım. 

Və yaxud:

A yar gələ, yar gələ,
Dönüb baxmaq ar gələ.
Eyvandan yar boylana,
Küçə sənə dar gələ…

O gözəlim gənclərə, onların türkçülük ətri qoyuyan durumlarına nəzər yetirdikcə doğrudan da fərəhimdən, qürurumdan keçdiyim küçələr mənə dar gəlməkdəydi. Onları vəsf edən nəğmələrin gözəl olduğunun fərqindəydim.
Əllərinin qopuzu da olsaydı gördüyüm daş abidədən mənə boylanıb baxan ixtiyar, pirani qocaya Dədə Qorqud deməyib də nə deyəçəkdim?..
Əzəmətli peydestal üzərində qollarını geniş açıb da sanki bütün türk ellərini geniş köksünə sıxmaq istəyən ana abidəsindən mənə baxan qadına Boyu uzun Burla Xatun şəkillənməsində baxmayıb da neyləyəcəkdim? Eynilə bu heykələ oxşayır Bakının mərkəzi küçələrindən birində qoyulmuş azad qadın heykəli. Sabirabad – Şirvan yol ayrıcında qoyulmuş ana abidələri elə bil bir heykəltəraşın əl işidi – surətini çoxaldıbsan, eldən-elə uğurlayıbsan… Qədim bir el bayatısını salır yadıma:

Analar yanar ağlar,
Dərdini apar ağlar,
Dönər göy göyərçinə,
Yollara qopar ağlar…

Bir türk xanım əfəndisinin, türk anasının dönüb göy göyərçinə yollara qonub ağlamasının özü belə milli kimliyə etina, mənəvi dəyərlərə ehtiram, bir ruha, bir düşüncəyə çağırış məqamı, dərsliyi kimidi. Çuvaşlı anaların da qəlbi belə, ruhu bu cür…
Çuvaşları digər Türk toplumlarından fərqləndirən əsas cəhətlər “R türkcəsi” deyilən türkcədən istifadə etmələri və xristian olmalarıdır. Bizlərdə yuxarı və aşağı Qışlaq, Qaralar, Könüllü və s. olduğu kimi, çuvaş türkcəsi də Yuxarı çuvaşlar, Aşağı çuvaşlar olmaqla iki yerə ayrılır.
Vaxtın, zamanın bir dönəmində finlilərlə yaxın əlaqələr qurmaları səbəbindən Fin-Oqur dil ailəsindən aldıqları bir çox sözlər də var. Səs və qramatika və söz bənzərliklərinə görə .türkoloqlar suvaş türkcəsi ilə Saxa türkcəsi arasında bir yaxınlıq olduğu qənaətindədirlər. Bolqar türkcəsinin çuvaş türkcəsinin təməlində dayanması fikirləri isə həqiqətə daha yaxın olanıdı. Ümumilikdə isə çuvaş ləhcəsinin Türk ləhcələri arasında özəl bir yeri var. Ana Türkiyədən .çox erkən ayrılması səbəbindən digər türk ləhcələrindən xüsusi özəlliklə seçilir. Cuvaşca ləhcə haqqında ilk məlumatları Poltova müharibəsində əsir düşən isveçli F.İ. Straşlenberq vermişdir. Əsirlikdən qayıtdıqdan sonra 1730-cu ildə çap etdirdiyi xatirələrində bu barədə ətraflı məlumat var. Həmin xatirələrdə 28 çuvaş sözünün anlamını əks etdirmiş, gələcək çuvaş dili tədqiqatçıları üçün ilk cığır açmışdı.
Bütün bunlar öz yerində… Gerçək həyatda isə mən əsasən taxtadan, ağac materiallarından inşa edilmiş və eynən bizlərdə ötən əsrin 40-50-ci illərində daha nəzərə çarpan kənd evlərinin bənzəri olan odalar qarşısındakı çəmənlikdə, ağac kölgəliyi altında sıta ilə oturmuş çuvaşlı analara göz yetirdikcə özümü doğma el-obamda hiss etməkdəyəm. Elə bil bizim obalardan bir ailəni bir göz qırpımında bu ağac altında cəm edibsən. Bu gözəlim anaların atma baş örtükləri doğma… Əllərinin diz üstündəki sahmanı əziz… Bu geyim, bu kecim ağlımı özümdən alıb aparır. Elə bil bizlərin “tərəkəmə”, “təklə” adıyla məşhur olan camaatın, dağ-aran arası köç-düş edən insanları arasındayam… Elə bil uzaq bir yolçuluqdan sonra yurd salıb, binə qurublar. Bir hovur nəfəs almaq, dincəlmək istəyirlər. Baxışlar isə qət edilərək məsafənin boyunca tikilib qalıb. (Bu şəkil internetdə var).
Bir kökdən gəldiyimizin, bir ət-qandan olduğumuzun fərqinə varmaq istəyən araşdırıcılar, türkoloqlar, cəm olun, bir arada müşahidə edin gözəlim çuvaş analarının bu oturuş-duruşdakı, bu geyim-keçimdəki durumunu… Göz önünə qoyun bütün Türk ellərinin anama bənzəyən analarını və o anaların şəkillərini yanbayan düzün. Oğul deyirəm ki, ayrılıq tapa… Oğul deyirəm ki, seçib-ayıra bilə… Belədi durum!..
Bu doğma mənzərənin tamaşaçısına döndüyüm anlarda tarix kitablarının verdiyi şəhadətlər birər-birər dolanır yaddaşımda; Doğma Azərbaycanın Biləsuvar rayonu haqqında oxuduqlarım var; bu arada mənbələr suvar türklərindən söz açır. Sibir adı buradan gəlmədi. Sibirlilərin suvarlılar şəklində araşdırıldığı da tarixin gerçəkliyidi. Eyni kökdən gələn çuvaş türklərinin bizim biləsuvarlı analarla eyni görünüşlü, geyim-kecimli olması da eləcə… Bu, uzun bir yolçuluğun araşdırması, sözü-söhbətidi. Bitib-tükənməz, uzun qış gecələrinin boyuna biçilmiş bir nağıldı. Başlamamışdan gərək deyəm ki, çuvaşların öz əlifbaları var və bu əlifba 1872-ci ildə latın və rus əlifbalarından yararlanaraq hazırlanıb, indinin özündə də istifadə edilməkdədi. Bugünkü çuvaş əlifbası 1972-ci ildə hazırlanan əlifbanın bir az dəyişdirilmiş formasından ibarət olub 34 hərf və 2 yardımçı işarədən ibarətdir.
Uzun illərdi ki, araşdırıcılar oktyabr inqilabının banisi V.İ.Leninin türkəsilli olmasından bəhs etməkdədirlər. Başqırdıstan tarixindən bəhs edənlər dönə-dönə bu ehtimalın üzərinə gəlməkdədilər.
Elə bil gözəgörünməz bir əl Ulyanovlar nəslinin adını Sibir türkləri boylarının tarixindən hansısa bir inadkarlıqla təkrar-təkrar keçir; Çuvaş dilini 1871-ci ildə yeni əlifba yazaraq yenidən dirildən və 130 yeni məktəb açan İvan Yakınoviçin başlıca dəstəkçisi və bu işdə sonacan onun yanında olan məhz Leninin atası Nikolay Ulyanov olmuşdur. Görəsən hansı duyğuları, hansı nəbzin atması idi Nikolay Ulyanovu çuvaş dilinə, çuvaş ruhuna, mahnısına, sözünə, vüsalına çəkən? Hardan gəlirdi bu sayğı, maraq? Nə isə, Nikolay Ulyanov söhbəti tarix araşdırmaçıların hüzurunda qalsın, indilikdə İvan Yakonoviçin 142 il bundan əvvəl çuvaş xalqı qarşısındakı tarixi xidmətlərini dərin ehtiramla yad edirəm.
Şəkilləri Çuvaşıstanın hər yanını bəzəyən o böyük insanın ruhuna salam olsun deyirəm.
Tarixi yaradanların özlərinin də tarixləşməsi həyatın qanunudu.

Söz sözü çəkir

Behiştlik Sultan Murad bir səfərindən geri dönərkən yağışa düşür. Yolu üstünə çıxan bir evin qapısını döymək zorunda qalır. Ev sahibi olan ixtiyar qoca beqəfil qonağa yetərincə ehtiram göstərir, evinin yeganə sərvəti olan kitablar barədə bilgi verir. Ayrılıq zamanında Sultan ürəyindən keçənləri dilinə gətirir: “Dünyada nə istəyin varsa, de, yerinə yetməsinə dəstəkçi olum”.
Dünyagörmüş qoca bir qədər fikrə getdikdən sonra “Mənim istəklərimi yerinə yetirmək sənlik iş deyil, bunu ancaq padşah bacarar” – deyir.
Sultan axır ki, “dediyin padşah elə mən özüməm-deyə özünü nişan verir – saray istəyirsən saray yapdırım, istəyin məscidcə məscid tikdirim…”
-Məktəblər tikdirməyini istəyirəm – deyir behiştlik qoca…
Ömrünü-gününü çuvaş əlifbasının yaradılmasına, anadilli 130 məktəbin açılmasına həsr edən İ.Yakınoviçlə o behiştlik qocanı ancaq coğrafi sınırlar ayırırdı; ruh birliyi, mənəvi doğmalıq isə böyük türk əxlaqından gəlmədi.
Xatırlamaq xoş, anmaq savabdı.
142 il öncə öz doğma xalqına “Mənə 100 min mahnı gətirin!” səslənişi etmişdi İ.Yakınoviç.
100 min gözəl söz istəmişdi.
100 min yaxşı insan diləmişdi.
Bu 100 minləri aradan keçən 142 ilin ayına, gününə,vururam… Artıb – çoxalıblar, kvadrata, kuba yüksəliblər.
Əhalisi 1.839 min nəfərlə hesablanmaqdadı. Bu hesabın 67, 8 faizini çuvaş türkləri, qalanını ruslar, tatarlar, Mordvalar və s. təşkil edir. 2 milyondan çox çuvaş isə dünyanın müxtəlif ölkələrində yaşamaqdadırlar; Başqırdıstana yaşayanı daha çox… Tatarıstanda, Samarada, Ulyanovskda, Prenburqda, Sibirdə sıx-sıx qarşına çıxarlar.
Ustad İ.Yakınoviçin şağırışına etina etdikləri göz önündədir – musiqiləri, ədəbiyyatları inkişaf edib, milli kökə bağlı ərləri-ərənləri “əvvəl-axır dünya Türkün dünyası” ruhunda böyüməkdə, artmaqda, çoxalmaqdadırlar…

Dini üç, imani bir yerdən gəlir

Göy Tanrı (Tenqri), müsəlmanlıq və xristianlıq diniylə çevrələnib Çuvaşıstan…
Bu ayrıntılar, sadəcə olaraq, kimlik görüntüsüdü. Xalq əsasən qədim inancları olan Şamanizmi yaşamaqdadır.
Ruh ölmür!
Tarixin ruslaşdırma siyasəti boşuna gedib. Aparılan siyasət bir yana, ruhun, qan yaddaşının bir yana-əsas olana çəkir. Şamanizm milli din olaraq gəl-gələ daha çox qabağa çıxır. Ruha qida verir, kökə qaytarır.

Tarix addım-addım qabağa çıxır

Bir qədər əvvəldə bu barədə dediklərim var. Ancaq hər dəfə yenidən üzərinə qayıtmaq zərurəti duyuram. Eşidilənə qədər, anlaşılana kimi, dərk olunanacan təkrar eləmək istəyirəm. Üstündən keçilənlərin unudulan, yaddan çıxan olduğunun ağrısını çəkənlər bilir…
Zaman-zaman aparılan tədqiqatlar şumerlərin türk olmaları həqiqətini önə çıxarmaqdadı. Sabir, Sibir, Suvar sözləri ilə Şumer sözü arasındakı bənzərliyi təsadüf hesab etməyənlərin tərəfindəyəm. Miladi illərdən başlayaraq Volqa-Kama boylarına, Balkanlara və Anadoluya qədər yayılan Suvar türklərinin son olaraq Volqa boylarında çuvaş adı ilə tarix səhnəsinə çıxması tarixin qaçılmazlığıdı. Hal-əlbət, çuvaşlar Suvar türklərinin bugünkü törəmələridir. (Çuvaş sözünün ilk hecası “Şu dastanı”nın ruhundan keçməkdədi…) Çuvaş tarixinin xülasəsini verənlərin mövzuya Suvar türklərindən başlaması tarixə olan etinadan gəlir. Dilimizin “suvari” sözü necə də səsləşir bu qədim adla. Bu qədər köç-düş bazarlaşmasında suvari adlanmayıb da nə adlanacaqdılar?
Üçüncü əsrdə Mərkəzi Asiyadan başlayan köçləri Qafqazın Şimalınacan yolçuluq etdi. Sonra IV-VI əsrlərin köçləri gəldi. 305-ci ildə Qafqazın Şimalında qərarlaşdılar. 515-527-ci illərdə Anadoluya uzanaraq Kastomonuya qədər irəlilədilər (bunları yazıram, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ana yurdu Biləsuvar rayonuna etdiyim səfərlər boyu tarixi gəlişmələrimiz, köç-düşlərimiz haqqında xəyal etdiklərim yenidən gözlərim önünə gəlir).
Suvarların bolqarlarla bir arada Göytürk dövlətinin sərhədlərinin genişlənməsi nəticəsində Qafqazı da əhatə etməsi nəticəsində bu dövlətin hakimiyyəti altında qalması tarixin bəlli tərəfidi.
Göytürk xanlığı dağıldı… Dunay bulqarlarının dövləti süquta uğradı, slavyanlığı qəbul etmələri nəticəsində assimlisiyaya uğrayıb tarix səhnəsindən silindilər – VII-VIII əsrlərdə Orta Volqa boyuna çıxa bilən bulqarlar və suvarlar bölgə əhalisinin tərkibində yeni təməl qoydu. X əsrdə Volqanın sahillərində məskunlaşaraq bulqar-suvar ittifaqı təsis etdilər, fin-uqprları və bölgədəki digər boyları da hakimiyyətləri altına alaraq Volqa Bulqarları dövlətini qurdular.
İbn Fadlandan oxuduqlarım xatırlayıram: “Bulqar xalqına Suvis və ya Savis deyilir. Bu “Savas” və ya “Suvas” sözləri “Suvar” sözündən gəlir”.
Şelkey oğlu Yiltavar Almışın (İltəbər Almuş) İslam dinini qəbul etdikdən sonra Abbasi xəlifəsi Əl-Müqtədir Billaha, İslam dinini öytrətmək üçün din alimləri və memarlar göndərilməsini xahiş etdi… Eyni zamanda öz adını da dəyişib Əmir Cəfər İbn Abdullah olaraq qoydu.
Xəlifə müraciətə cavab olaraq 921-ci ildə din alimləri və memarlardan ibarət mötəbər bir heyət göndərdi.
Həmin o heyətdə İbn Fadlan da var idi və baş verənləri addım-addım tarixləşdirmişdi.
Əmir Cəfərdən sonra yerinə oğlu Mikayıl keçdi – buna kəsilən sikkələr şəhadət verir.
Suvarların tarixində bulqarlarla bərabər Monqol basqınları (1224) yaşandı, Qızıl, Orda xanı, Polad Timur dağıntılarının acısı da yaşandı, 1391-ci ildə Teymurun Qızıl Orda xanı Toxtamışa qarşı hərbi səfərinin itkiləri də oldu. Milli kimliklərini qazanmalarının ilu mərhələsi Volqa Bulqar dövəti ilə bağlı olan çuvaşlar zaman-zaman milli kimlikləri uğrunda mücadilə apardı.
Kazan xanlığının idarəçiliyi altında yaşadıqları çağlarda çuvaşlar dini təzyiqlərə qarşı yetərincə mübarizə aparıblar.

“Mən öylə bilirdim sən mənə mehman olacaqsan…”

Bizim Xan qızı Xurşud Banu Natəvanın sözləridi… Tam bir yanlışlıq acısının şəkillənməsi kimi qalıb yaddaşlarda…
Fəndlərin yanlışlıq dağını bir könül çəkib.
Toplumların yanlışlıq ağrısı millətin, xalqın bağrında sağalmaz yaraya dönüb.
Tarixin 1546-1952-ci illərində – Kazan xanlığında yaşadıqları dövrdə Rusiyaya bel bağlamışdı çuvaşlar. Bizim bir mahnıda deyildiyi kimi, “bilsəydim vəfan budu, sənə bel bağlamazdım” acısını yaşamadığı illər idi…
1546-cı ildə kazan xanlığına qarşı üsyana qalxaraq rus ordusundan kömək istəmişdilər.
1551-ci ildə ruslarla müqavilə bağlayıb onların hakimiyyətini qəbul etmişdilər. Bu münasibətlə IV İvan onlara öz qızıl möhürünü hədiyyə etmişdi.
1552-ci ildə Kazanın mühasirəsində rusların yanında olmuşdular…
Ancaq qədər özünü gecikdirmədi.
Qurd qurdluğunda, quzu quzuluğunda qaldı. Bizim bir nağılda deyildiyi kimi:

Getdin gördün quzu –
Neynirsən istiotu, duzu…
Ye, qalsın iki buynuzu.

1552-ci ildə İvan öz İvanlığını göstərdi. Bugünkü Çuvaşıstan torpaqlarını büsbütün işğal etdi, öz hakimiyyəti altına keçirdi, dairəni qapadı…
Sonra başladı bu istilaya qarşı çuvaş üsyanları…
Əvvəl 1572-1584-cü il üsyanları başladı.
Stepan Razin kəndli müharibələri, 1774-1776-cı illər üsyanları bunların ən qanlıları oldu. Qızıl Orda hakimiyyəti dövründə müsəlmanlaşan çuvaşları bu dəfə də zorla ruslaşdırılmağa başladılar, xristianlığa sürüklədilər.
445 ildən çox çəkdi bu basqı.

Yanlış da bir naxışdı

Bütün bu ağrılı məqamların bircə təsəllisi oldu ki, rusların Volqa-Uralı parçalamaq siyasəti nəticəsində çuvaşlar daha geniş bir əraziyə sahib çıxa bildilər. Kazan xanlığı dövründə əhalisinin 80 faizini, ərazisinin 90 faizini itirən çuvaşlar, rus hakimiyyəti zamanı əhalinin sayını 10, ərazilərini isə 3 dəfə artırmışlar.
Ancaq mənəvi ağrıların yerini heç nə doldura bilmir…
Rus missionerlərinin xristianlaşdırma və ruslaşdırma çabalarının ağrısı hələ də yaşanmaqdadır.
Rus çarının Çuvaşıstanda rus missionerlərinin torpaq almaları üçün bütün imkanları açdığı zamanların sıxıntıları hələ də keçib getməyib.
V.İ.Leninin babası İ.V.Ulyaninin də yaşadığı kəndin sakinlərinin belə öz çuvaş kimliklərini tərk edərək özlərini rus adlandırdıqları zamana yazıq!
Çuvaş tədqiqatçısı Albina Lubimovanın mübahisəli versiyası üzərinə qayıdıram: “Lenin rus deyil, ataları Çuvaş türküdü…”
Tədqiqatçı xanım, İvan Yakovlevin edamdan azad edilməsi barəsində Leninin verdiyi əmrin də Türkün atar damarından gəldiyini açıqlayır: “Ulyanovların ata tərəfdən Çuvaş olduğu ehtimalı çox yüksəkdi…”
A.Lubimovanın fikirlərinə “Bir türkün İkinci Dünya Müharibəsi kitabının müəllifi Erol Bişanzirdə də qismən dəstəkçi oldu…”
Zaman dəyişir, sistemlər əvəzlənir, dəyərlər yeni çalar alır…
Çuvaşıstan 1920-ci ildə muxtar, 1925-ci ildə Federal Respublika kimi tanınıb. 24 oktyabr 1990-cı ildə müstəqilliyini elan edib.
Rus monarxiyası bu müstəqilliyə də öz başçısını göstərib. Sinirə bilməyib. Nəticə olaraq 1991-ci ildə Rusiya Federasiyasına tabe Muxtar Respublika kim yeni həyata qədəm qoymuşdur.
Keçib getdiyim, qədəm basdığım yolları boyu, paytaxt Çeboksar ətrafı əngin sularında sıx meşələrinin şəkillənməsini heç unuda bilmədim. Milli geyimli rəqqas qızlarının hər biçimi yaddaşımda azad çöl quşlarının qanad açıb da süzməsi kimi qaldı. Unutduğum olmadı heç qolları yana açılmış, hər anında mənə “gəl-gəl” deyə qutlayan ana heykəlini… Yol kənarında sükuta dalan zamanın gəlim-gedimini vərəvurd edirmiş kimi xəyala gedən daş abidəyə (və yaddaşa!) dönmüş çuvaş ağcaqayını elə dədəmiz Qorqud biçimində gördüm…
Üstü naxıış işləməli baş geyimləri necə yaraşırdı o körpələrə!..
Azacıq qıyılmış gözləri tanış… Yupyumru yanaqlar doğmaydı necə!
“Mənə bir sərgi salonu verin” – bütün türk toplumları boyunca tamaşasına durduğum doğmalıq bağlarını asacam divarlarından – iplik-iplik, naxış-naxış…
Mənə bir quyu verin; ürəyim doludu, açacam ona…
Mənə bir kürsü verin – təməlində haqlar dursun, tarix yaşasın…
Keçib getdiyim yollar kimi dolanıb üstümə qayıdır yazdığım hər mətləb, dediyim hər söz…
Kimlər oxuyacaq – hansı ürəklə?
Kim nə düşünəcək – olanı budu!!