Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi qanunun aliliyinin tələbidir – Şərh

«Laçın» dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük nailiyyətdir. Cari ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Vətən Müharibəsi , rəsmən 2020-ci ilin 9 noyabrında başa çatsa da, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi, məhz, bu ilin 23 aprel tarixində Ermənistanla Azərbaycan arasında ilk sərhəd-buraxılış məntəqəsinin bərpa edilməsi ilə təmin olundu.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini qurmaqla öz ərazi bütövlüyümüzü tam bərpa etdik. İşğaldan azad edilən bütün ərazilər kimi, Laçının da təhlükəsizliyinin etibarlı şəkildə təmini dövlətimizin daim diqqət mərkəzindədir. Bu gün Laçın rayonu ərazisində çoxsaylı hərbi hissələr mövcuddur ki, onların hər biri istənilən təhdid və təhlükənin qarşısını qətiyyətlə almaq iqtidarındadır. Uzun illər həmvətənlərimizə qarşı kütləvi soyqırım cinayəti törətmiş Vaqif Xaçaturyan, məhz, «Laçın» dövlət sərhədindəki buraxılış məntəqəsində saxlanılmışdır. Bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən, indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Dövlət başçımız bildirib ki, Azərbaycan-Ermənistan sərhədində «Laçın» sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya, Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır, dezinformasiya yaymaqla məşğuldurlar.
Dövlətimizin başçısı cari ilin may ayında ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirdi ki, «Azərbaycan-Ermənistan sərhədində «Laçın» dövlət buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq, bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Dövlətimizin başçısı Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağını da ABŞ rəsmisinin diqqətinə çatdırdı».
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sülh müqaviləsinin imzalanmasına mane olan hansısa bir məqam yoxdur. Bütün bunlara baxmayaraq yenə də gözləmə mövqeyində dayanmaqda davam edir. Görünən odur ki, Ermənistan havadarlarından cavab gözləyir. Ancaq unudur ki, artıq Azərbaycan 30 il davam edən işğal dövrünün Azərbaycanı deyil. Bu gün reallıqları diktə edən qalib Azərbaycandır.
K.Bayramov diqqətə çatdırıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın «Laçın» keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Azərbaycan hər bir hədəfə zamanında və uğurla nail olur. Bütün planlar ardıcıllıqla həyata keçirilir. «Laçın Şəhəri Günü»ndə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının ifadə etdiyi kimi, bizim iradəmizə heç kim təsir edə bilməz. Məlumdur ki, təcavüzkar planları alt-üst olan, işğalçı ordusu məhv edilən Ermənistan tərəfi çirkin və yalan anti-Azərbaycan təbliğatı aparır, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasına etiraz edərək ölkəmizin daxili işlərinə qarışmağa cəhd göstərir. Hətta, bu yolda saman çöpünə belə əl atmağa çalışır, elə güman edir ki, havadarlarının köməyi ilə guya nəyəsə nail ola bilər. Amma unudur ki, Fransanın və digər işğalı dəstəkləyən «dostlarının» əli nə qədər uzun olsa da, bizim torpaqlara gəlib çatmaz, çünki, Azərbaycan güclü dövlətdir, buna heç vaxt yol verməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren və müstəsna hüququdur, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Heç bir çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Baş verənlər əslində Ermənistanı məhvə doğru aparır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm, döyüş meydanında, həm də, siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də, Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq”.