“Sərhədləri bağlı saxla, bazara başqa oyunçu buraxma…” – Ekspert

“Quru sərhədlərin bağlı olması ən çox AZAL-ın işinə yarayan, təyyarə biletlərinə kifayət qədər təsir edən faktorlardan biridir. Yəni quru yollar açıq olsa, bilet qiymətləri bu qədər baha olmaz. AZAL da heç olmasa, müştərilərini itirəcəyini nəzərə alaraq, daha insaflı qiymət siyasəti aparar”.
Bunu  iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, AZAL digər şirkətlərə ölkə bazarında işləməyə imkan versəydi, rəqabətli mühit yaranardı. Bu zaman qiymətlər bu qədər baha olmazdı:
“Uçuş məsafəsi, sərf edilən aviakerosin, qəbul edən hava limanının tarifləri, uçuş zamanı göstərilən xidmətlər, tələbat kimi amillər qiyməti formalaşdırır. Amma ən əsası uçuş məsafəsi və yanacaq sərfiyyatıdır. Çünki təyyarə ekipajı, maaşlar, çəkilən xərc eyni olur. Əgər rəqabət mühiti formalaşsaydı, müvafiq istiqamətlərə AZAL və “Buta”dan başqa 2-3 ayrı şirkət də uçardı. Tələb, qarşılamaq, qiymətlər də düşərdi. İnsanların seçim imkanı olmayanda məcburiyyətdən daha baha qiymətə bilet alırlar. Nəticə etibarilə AZAL, əsasən də yay mövsümündə Gürcüstan və Türkiyə istiqamətinə çoxlu tələb olduğunu nəzərə alaraq biletlərin qiymətlərini daha da qaldırır. Sərhədləri bağlı saxla, bazara başqa oyunçu buraxma, qiymətləri özün yüksək təyin et, sonra hələ bir ziyanla da işlə. Belə olmaz”.