Saatlıda “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilmişdir

 Saatlı Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, rayon icra hakimiyyətinin əməkdaşları, idarə müəssisə və təşkilatların nümayəndələri, rayonun könüllü gəncləri, müharibə iştirakçıları və qazilər iştirak etmişlər. Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Ulu Öndər Heydər Əliyevin gənclərə olan böyük diqqətindən, savadlı, intellektual və vətənpərvər gənclərin yetişdirilməsində xidmətlərindən, onun tərəfindən gənclərin xaricdə təhsil almasına şərait yaradılmasından, hərbi sahədə kadr çatışmazlığının qarşısının alınmasından danışıb. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər öz hakimiyyəti dövründə gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Xanımbikə İsmayılova və Saatlı UADM-nin sosial iş üzrə mütəxəssisi Gültac Kərimli təhsil, incəsənət və digər sahələrdə gənclər üçün yaradılan şəraitdən, Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqillik illərində gənclərə olan qayğısından, bunun bir nümunəsi kimi ilk görüşünü gənclərlə keçirməsindən, həmin dövrdən etibarən Heydər Əliyev tərəfindən gənclər forumlarının təşkil olunması və “2 Fevral-Gənclər Günü”nün təsis edilməsindən danışaraq, eyni zamanda suveren və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan Respublikasının gənci kimi, bu gün bu kürsüdən çıxış edərək azad söz, azad fikir ifadə etmələrinin təməlinin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğuladılar. Nərimanov kənd tam orta məktəbin müəllimi, Vətən müharibəsi iştirakçısı Şirin Qasımov bir gənc kimi dövlətimizin və dövlət başçımız cənab İlham Əliyevin gənclərə, xüsusilə də Vətən müharibəsində iştirak etmiş şəxslərə xüsusi diqqət və qayğısından, habelə onların sosial rifahının inkişafı üçün görülən tədbirlərdən bəhs edib.