Sabiq deputat: “Əhalinin haqlı tərəfləri dinlənilməli, ekoloji fəlakət aradan qaldırılmalıdır”

“Təbii ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq hər bir kəsin etiraz etmək hüququ vardır və bu hüquq qanunla tənzimlənir. Xatırladım ki, 2009- cu ildə mən millət vəkili olan zaman qızıl zavodunun ətraf mühitə vurduğu ziyanla bağlı Arxdam və Söyüdlü kənd əhalisinin mal-qarasının tələf olması, bir neçə nəfərin zəhərlənməsi ilə bağlı Ekologiya Nazirliyinə ünvanladığım sorğular, şəxsi görüşlərim bir müddət bu məsələni diqqət mərkəzində saxladı”.

Bunu Gədəbəyin sabiq deputatı Nazim Bəydəmirli deyib. O,” əlavə edib:

“İndiki gölməçələr o zaman açıq  basseynlər kimi qızıl zavodunun həyətində idi və dolu, daşqın zamanı onlar ətrafa səpələnib çoxlu ziyan vururdu. Həmin qızıl zavodunun açılışı zamanı ölkə başçısı və mən orada iştirak etmişdim. Təqdim edənlər zavodun ətraf mühitə heç bir ziyanı olmadığını demişdilər, baxmayaraq ki, ondan sonra bir neçə dəfə belə qəza hadisələri baş verib, əhali narazılıq bildirib. Bütün bunlar qulaqardına vurulub. 2013- cü ildən sonra da bu hadisələr intensivləşdikcə vəziyyətdən çıxış yolu kimi həmin zavodun sahibləri Söyüdlü kəndinin ərazisində, vətəndaşların örüş sahəsində zəhərli maddələri axıdıb bir göl düzəldiblər. Bunun hamısı bəllidir ki, problemi uzağa aparmaq məqsədi daşıyır. Layihədə belə şeylər nəzərdə tutulmayıb və bunlar hamısı qapalı yerlərdə olmalıdır. Torpağın münbit üzü götürüldükdən sonra, yenidən yerinə qaytarılmalı olduğu halda Gədəbəyin bütün örüş sahələri sıradan çıxarılıb. Gədəbəylilər ekoloji fəlakətlə üz-üzədirlər. Vətəndaşlar bu olanlara etiraz edirlər. Etirazı dinləmək əvəzinə gücdən istifadə olunur. Təəssüf edirəm ki, belə hal yaşanıb. Hesab edirəm ki, vətəndaşın hüquqlarını qorumalı, normal yaşam şəraiti yaratmalı olan hökumət ciddi mənada çox sərt addım atır və bu səhvləri düzəltmək çox vacibdir. Əhaliyə zor tətbiq edənlər, əmr verənlər müəyyən olunub cəzalandırılmalı, əhalinin haqlı tərəfləri dinlənilməli, ekoloji fəlakət aradan qaldırılmalıdır”.