Sabunçu rayonunda “yaşıl soyqırım” cəhdi

73

 

 

Bakıxanovda ağacları kəsib yerində obyekt tikmək istəyirlər

Sabunçu rayon sakinlərindən biri redaksiyamıza zəng vuraraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşıllıq ərazinin hasara alındığını, xeyli ağacların kəsildiyini bildirdi.

Sözügedən ünvana yollandıq. Sabunçu rayonu, Ramiz Qəmbərov küçəsi ilə Sülh küçəsinin kəsişməsində yerləşən bu ərazi iki yaşayış binasının arasındadır. Ərazidə hasar olmasa da, betonlanmış çalalar burada müəyyən işin getdiyini göstərirdi. Bina sakinlərştdən bir xanıma yaxınlaşdıq. Bugünlərdə ərazinin hasara alındığını təsdiqləyən xanım həyat yoldaşında fotolar olduğunu söylədi: “Yoldaşım indi işdədir. Axşam gəlsə idiniz, şəkilləri sizə köçürdərdi”-dedi.

Avtomobil yolunun kənarında olan ərazi ilə paralel yerləşən “085″ kafesinə gedərək son günlər baş verənlər barədə informasiya almağa çalışdıq.

Kafenin işçiləri ərazinin hasara alınmasına baxmayaraq ağac kəsilmədiyşni söylədilər.
Kafedə əyləşən vətəndaş bu işə görə Sabunçu Rayon İcra Hakimiyyətini təqsirli bildi.
Akif Kazımov adlı vətəndaş yaxınlıqda yaşadığını, sentyabrın 12-dən 15-dək ərazinin hasarlı qaldığını bildirdi: “Dedilər, guya ”kaçeli” düzəldəcəklər, yaşıllıq salacaqlar. Amma boş söhbət idi. Yalandan neçə gün ərazini hasarladılar. Böyük dəmir hasarlar vardı. İçərisində də 4 ağac. Gördük iş görmürlər, kimsə obyekt tikmək istəyirdi. Bütün sakinlər birləşib şikayət etdik. Şəxsən özüm hasarın bir hissəsini sökdüm. Qalanını da uşaqlar sökdü. Amma burda kiminsə gözü var, əl çəkməyəcəklər. Özüm Qarabağ veteranıyam. 4 il döyüşmüşəm. Ölkədə özbaşınalıq çoxdur. İndi mən balkonuma bir daş qoysam icradan, FHN-dən, polisdən tökülüb gələcəklər ki olmaz. “Dolya”larını alandan sonra gedəcəklər. Bura da həmçinin. Kimsə haqqını ödəyib ki, gəlib hasara alıbmış”.

Yerli sakinlərdən Emin adlı şəxs ərazinin hasarlandığına şahid olsa da durumla bağlı dəqiq informasiyasının olmadığını söylədi.