Şagirdlərin biabırçı nəticələri

39
1569 şagirddən 692-si Ana dilini bilmir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da təkrar və eksternat qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən Xalq.az-a verilən xəbərə görə, iyunun 29-da XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında Ana dili və Riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.
Buraxılış imtahanında 1569 IX sinif şagirdi iştirak edib. Onlardan 54-ü “Ana dili”, 62-si isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 145-nin “Ana dili”, 133-nün “Riyaziyyat” fənnindən qiyməti “4”, 678-nin “Ana dili”, 616-nın “Riyaziyyat” fənnindən qiyməti “3”, 692-nin “Ana dili”, 758-nin isə “Riyaziyyat” fənnindən qiyməti “2” olub.
İyunun 29-da 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 2689 XI sinif şagirdi iştirak edib. Onlardan 13-ü “Ana dili”, 31-i “Riyaziyyat” fənnindən “5”, 112-si “Ana dili”, 106-sı “Riyaziyyat” fənnindən “4”, 965-i “Ana dili”, 896-sı “Riyaziyyat” fənnindən “3”, 1599-u “Ana dili”, 1656-sı isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.
Qeyd edək ki, TQDK iyunun 29-da Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində təkrar və eksternat qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
Həmin imtahanların nəticələri iyun ayının 30-da saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş şagirdlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Comments are closed.