Sahibə Qafarova görüşlər keçirdi-Fotolar

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir. 

Bu barədə XALQ.AZ-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində aprelin 15-də Milli Məclisin Sədri Sahibə Qafarova  Qırğızıstan Joqorku Keneşinin (Parlamentinin) Sədri Talant Mamıtovla görüşüb.

Milli Məclisin Sədri görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, bu qəbildən olan görüşlər iki ölkə arasında münasibətlərin inkişafına müsbət töfhə verir. O, qeyd edib ki, münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarımızın görüşləri və qarşılıqlı səfərləri xüsusi rol oynayır. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.  

Görüşdə məlumat verilib ki, bu gün Azərbaycanda müxtəlif siyasi və iqtisadi islahatlar uğurla həyata keçirilir. Böyük transmilli layihələr, neft və qaz boru kəmərlərinin inşası ölkəmizin, o cümlədən, tərəfdaş dövlətlərin inkişafına mühüm imkanlar yaradır. Eyni zamanda, Böyük İpək Yolunun bərpası həm Azərbaycan, həm də bu strateji yolun üzərində yerləşən ölkələr üçün çox böyük əhəmiyyətə malikdir. 

İki ölkə arasında parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin Sədri hər iki ölkənin qanunvericilik orqanında fəaliyyət göstərən dostluq qruplarının rolunu qeyd edib, beynəlxalq parlament təşkilatlarında uğurla həyata keçirilən əməkdaşlığın önəmini vurğulayıb. Bildirib ki, Joqorku Keneş Milli Məclisin Əməkdaşlıq Memorandumu imzaladığı parlamentlərdən biridir. 

Söhbət zamanı Spiker Sahibə Qafarova 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın BMT-nin qətnamələrini icra edərək öz torpaqlarını işğaldan azad etdiyini söyləyərək, hazırda münaqişənin geridə qaldığını və ölkəmiz üçün yeni bir mərhələnin – quruculuq və yenidənqurma dövrünün başladığını qeyd edib.

Qırğızıstan parlamentinin Sədri Talant Mamıtov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, bu münasibətlərin dərinləşməsi üçün yaxşı şərait olduğunu  söyləyib. Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı həyatın digər sahələrində əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir. Deputatlarımızın mütəmadi görüşləri, müxtəlif beynəlxalq platformalarda birgə iştirakı ümumi mənafelərə xidmət edir.

O, Azərbaycanın qlobal pandemiya – koronavirusa qarşı mübarizədə ölkəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Talant Mamıtov daha sonra Qırğızıstanda keçirilən referendumun nəticələri haqqında məlumat verərək, bu referendumun ölkəsinin gələcək inkişaf tarixində mühüm rol oynayacağını vurğulayıb.   

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

****

Aprelin 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasına səfəri çərçivəsində Qazaxıstan Parlamenti Senatının Sədri Maulen Aşımbayev ilə görüşüb.
Qazaxıstanlı spikeri salamlayan Milli Məclisin Sədri ölkələrimiz arasında münasibətlərinin bir çox sahələri əhatə etdiyini bildirib. O, Azərbaycanın Qazaxıstanla münasibətlərə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımız üçün möhkəm hüquqi bazadır. Türkdilli ölkələr arasında bərqərar olmuş strateji əlaqələr qardaş ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan parlamentlərinin rolundan danışan Sahibə Qafarova hər iki ölkənin qanunvericilik orqanlarında mövcud olan dostluq qruplarının fəaliyyətini qeyd edib. Bildirib ki, qarşılıqlı fikir mübadiləsi parlamentlərarası əməkdaşlığın dərinləşməsinə və inkişafına kömək edir. 
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında məlumat verən Milli Məclisin Sədri deyib ki, artıq münaqişə tarixə qovuşub və Azərbaycan işğaldan azad olunan ərazilərin bərpasına başlayıb. Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina etdiyini söyləyən Sahibə Qafarova bildirib ki, bu, beynəlxalq humanitar hüququn prinsiplərinin pozulmasıdır, beynəlxalq ictimaiyyət bu məsələdə Ermənistana təsir göstərməlidir. 
Görüşdə Qazaxıstan Parlamenti Senatının Sədri Maulen Aşımbayev Azərbaycanın bu ölkə üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu bildirib. O, ikitərəfli əlaqəlrin bütün sahələrdə dinamik inkişaf etdiyini, münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanlar olduğunu qeyd edib. 
Maulen Aşımbayev diqqətə çatdırıb ki, ali qanunvericilik orqanları arasında əlaqələrimizin inkişafı digər sahələrə də öz müsbət təsirini göstərir. Bu, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. Qazaxıstan Senatının sədri Azərbaycanın Türk PA-nın fəaliyyətinə çox mühüm töfhələr verdiyini də diqqətə çatdırıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

****

Milli Məclisin sədri Sahibə Qafarova:
“Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq
bütün sahələrdə uğurla inkişaf edir”

Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdə söyləyib.
Söhbətdə Sahibə Qafarova iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki,  dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir. Milli Məclisin sədri münasibətlərimizin hazırkı yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rol oynadığını vurğulayıb.
Parlamentin sədri Sahibə Qafarova Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün geridə qaldığını, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 30 il işğal altında qalmış torpaqlarımızı azad etdiyini vurğulayıb. Milli Məclisin sədri azad olunmuş ərazilərdə aparılan quruculuq işləri barədə məlumat verib. Spiker təəssüflə bildirib ki, Ermənistan bütün çağırışlara baxmayaraq, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. O, beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymağa çağırıb.
Sədr ölkəmizdə pandemiya ilə mübarizə sahəsində görülən işlər barədə həmsöhbətinə məlumat verib.
Özbəkistan Milli Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin rolunu vurğulayıb, 2013-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırlayıb. T.Narbayeva Azərbaycan və Özbəkistan regionları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.