Sahil Babayev vətəndaşlarla görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naftalan şəhərinin, Yevlax, Ağdaş, Goranboy rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

XALQ.AZ xəbər verir ki, Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Mingəçevir şəhərində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına, bərpa müalicəsinə cəlb edilmə, əlilliyin qiymətləndirilməsi, ayrı-ayrı sosial təminat növlərinə hüququn müəyyən olunması, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardımların verilməsi, əmək hüquqlarının müdafiəsi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması və s. məsələlərlə bağlı olub. Nazirin tapşırığı ilə ayrı-ayrı məsələlərin elə yerindəcə həll olunması təmin edilib, vətəndaşlardan bir qisminə müraciətlərinə uyğun olaraq peşə bacarıqlarına uyğun iş yerləri ilə təmin olunması üçün yaşadıqları ərazi üzrə vakant iş yerlərinə göndərişlər verilməsi tapşırılıb, həmçinin sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib.

Nazir, eyni zamanda, bir sıra vətəndaşlara müraciətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanın icra mexanizmi, qeyd edilən hərbi qulluqçuların vərəsələrinin birdəfəlik yardımlarla təmin edilməsi üçün aparılan işlər barədə məlumat verib. Nazir fərmanın yüksək səviyyədə, vaxtında və tam şəffaf şəkildə həyata keçiriləcəyini diqqətə çatdırıb.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən bəhs olunarkən bildirilib ki, dövlət başçısının tapşırığına əsasən, sosial təminat və əlilliyin qiymətləndirilməsi sistemlərinin bütün həlqələrində şəffaflığın və ünvanlılığın tam təmin edilməsi, bu sistemlərin, ilk növbədə, sosial ədalət prinsipi üzərində formalaşdırılması hazırda nazirliyin əsas məqsədlərindən biridir.

Aparılan islahat tədbirlərinin bu məqsədə xidmət etdiyini vurğulayan nazir Mingəçevir, Naftalan şəhərlərində, Yevlax, Ağdaş, Goranboy rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı, aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılmasına dəstəyin göstərilməsi və digər sahələrdə görüləcək işlər barədə də məlumat verib. Nazirliyin Naftalan şəhərində və Yevlax rayonundakı Əlillərin Regional Bərpa Mərkəzlərində hazırda əsaslı təmir işlərinin aparıldığı və hər iki mərkəzdə müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılacağı diqqətə çatdırılıb.

Bir sıra şəxslər müraciətlərinə uyğun olaraq reabilitasiya vasitələri ilə təmin edilmələri, bərpa müalicəsinə, özünüməşğulluq proqramına, peşə hazırlığına cəlb olunması üçün qeydiyyata alınıblar. Müraciətlərdə əksini tapan ayrı-ayrı məsələlərin qısa müddətdə araşdırılması və nəticəsinə uyğun tədbirlərin görülməsi tapşırılıb.

Vətəndaşlar əhalinin sosial müdafiəsinə göstərilən yüksək diqqət və qayğıya, respublikamızın bölgələrində yeni iş yerlərinin açılmasının daimi xarakter alması və əhalinin məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən kompleks tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.