Samir Feyruzov: Zəngəzur dəhlizi açılacaqmı?

Ermənistanla bağlı Azərbaycanın qarşısında duran problemlər və bu problemlərin həlli istiqamətində atılan addımların praktiki nəticələri Cənubi Qafqazda fərqli siyasi mənzərə yaradıb. II Qarabağ müharibəsinə qədər Azərbaycanın vahid strateji hədəfi Ermənistanın məğlub edilməsi və torpaqların işğaldan azad edilməsi idisə, indi yeni hədəflərimizə Ermənistanla sülh müqaviləsinin imzalanması, Qarabağda yaşayan ermənilərin taleyi və Zəngəzur dəhlizinin açılması kimi tarixi əhəmiyyətli məsələlər daxildir.

 

Yeni hədəflər ABŞ və Rusiyanın Cənubi Qafqazdakı savaşının açıq müstəviyə daxil olmasını da şərtləndirib. Azərbaycan suveren ərazilərində öz işini görür, ələlxüsus, Qarabağı yenidən dizayn edir. Azərbaycan Ermənistanla tarixi münaqişənin birdəfəlik həllində və perspektivli münasibətlərin köklü dizayn edilməsində də əsas təşəbbüslərin müəllifidir. Amma ABŞ və Rusiyanın regiondakı maraqlarının təmin olunmasına yönələn addımlar Azərbaycanla Ermənstan arasındakı problemlərin həllini əhəmiyyətli dərəcədə tormozlayır.

 

Zəngəzir dəhlizi açılacaqmı? Açılacaq, amma bu, Ermənistanla ülh müqaviləsinin imzalanmasından sonra mümkün ola bilər. Dəhlizin açılması müharibədən sonra yaranan hər nə qədər öhdəlikdirsə, bir o qədər də qlobal qərardır, dəhlizin açılmasını dəstəkləyən ölkələr sırasında Rusiya və Çin kimi nəhənglər var. Lakin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim Cənubi Qafqaz ölkələrini “Rusiya və Çin kimi oyunçuların zərərli təsirinə qarşı mübarizə aparmağa” çağırış edir.

 

Bəs, ABŞ-ın istədiyi kimi etsək, Rusiya ilə savaş Azərbaycana nə vəd edir və ümumiyyətlə, Zəngəzur dəhlizinin taleyi necə olacaq? Rusiya ilə eyni paraleldə hərəkət edən Türkiyə ilə münasibətlərimizdə hansı tərəddüdlər yarana bilər!? Məsələ bundadır ki, dəhlizin açılması ABŞ-ın və Avropa İttifaqının da milli maraqlarının əhəmiyyətli konturlarını təşkil edir. Avropa və Asiyanın quru dəhlizləri Rusiyadan keçdiyinə görə, bundan xilas olmağı hədəfləyir. Rusiyanın tranzit imkanlarının minimuma endirilməsi ABŞ-ın bu dəhlizi situativ də olsa, dəstəkləməsinin əsas səbəbidir.

 

Dövlət Departamentinin rəsmisinin “Cənubi Qafqazda sülhün “regionu dəyişdirmək və ABŞ-ın maraqlarını təşviq etmək” niyyətini açıq səpgidə ifadə etməsi kifayət qədər açıq mesajdır. 2008-ci ildən bu günə qədər ABŞ-ın Cənubi Qafqaz uğrunda Rusiya ilə apardığı savaş ciddi təlatümlərlə yadda qalıb. Gürcüstan ərazilərini itirib, ölkədə hələ də sabitlik yoxdur, ABŞ-ın inqilabla hakimiyyətə gətirdiyi Sakaaşvili ölümcül həbsdədir. Sakaaşvilini taleyi daha ABŞ-ı düşündürmür. 2018-ci ildə ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistanı reanimasion durumdan çıxarmaqda acizdir. Hər iki ölkə Rusiyadan qopmaq üçün sərt dönüşlər etmişdilər. Azərbaycanın bu illər ərzində heç bir qütb, ABŞ və Rusiya arasında seçim etməməsi, müstəqil və balanslaşdırılmış siyasətə üstünlük verməsi bu günkü tarixi nəticələr əldə etməsini şərtləndirmiş oldu. Gürcüstanda, Ermənistan inqilablar edən ABŞ Azərbaycanda da eyni ssenarini reallaşdırmağa ən azı 2 dəfə çalışıb. Amma bu müddət ərzində Rusiya Azərbaycanda inqilab hazırlamaqda maraqlı olmayıb.

 

Ermənistanda ABŞ-la birlikdə hərbi təlimlərin keçirilməsi, Qərbin Azərbaycana təzyiqləri İrəvanın bütün manevr imkanlarını əlindən alıb. Təşəbbüs başqalarındadır, artıq ortada tələb var. Bayden Administrasiyasının rəsmisi açıq şəkildə tələb etdi: “biz çalışırıq ki, Ermənistan Rusiyaya qarşı bizim partnyorumuz olmaqla bağlı real qərar qəbul etsin…”.

 

Eyni zamanda, Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı senator Pat Rikettsin bu sualına cavab verməkdə çətinlik çəkdi: “Ermənistan Rusiyanı Dağlıq Qarabağda fəallaşmağa sövq etmək istəyir, yoxsa doğrudan da Rusiyadan qopmaq istəyir?”.

 

Bu günə qədər müşahidə olunan təcrübə, eləcə də Ukrayna nümunəsi ABŞ-ın Rusiyanı proseslərə aqressiv müdaxilə etməyə təhrik etdiyini söyləməyə əsas verir. Şübhəsiz ki, ABŞ Ermənistanın Rusiyadan qopacağına inanacaq qədər sadəlövh deyil. Vaxtilə Ukraynanı NATO-ya üzv olmaqla “mükafatlandıracağına” əmin edən ABŞ indi bu ölkənin ikiyə bölünməsini soyuqqanlı şəkildə seyr edir. Bir müddət əvvəl Ermənistanın da NATO ilə “müjdələnəcəyi” ilə bağlı ABŞ-dan səslənən fikirlər eyni potensiala sahibdir.

 

Digər tərəfdən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimin təxribatçı, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlik fikriləri cəmiyyətimizdə ciddi narahatlıq və müzakirə yaratmadı.

 

Çünki ABŞ Azərbaycandakı agenturasını əsasən Rusiyaya nifrət edən klassik türkçülər və müxalifətçilərdən formalaşdırıb. Bunların içərisində jurnalistlər, siyasətçilər, politoloqlar daha çox üstünlük təşkil edirlər.

 

Diqqət ediriksə, gün ərazində efirlərdə, media orqanlarda Azərbaycanın ərazi bütövlüyü, Qarabağ və Ermənstanla bağlı şrəhlər verən şəxslər ABŞ-ın əleyhinə bir kəlmə söz demək istəmirlər. Bunlar ABŞ-ın ölkəmizdəki könüllü və ağır siyasi sindromdan əziyyət çəkən agentləridir. Hətta iş o yerə çatıb ki, Rusiyanın rəsmi şəxslərinin Azərbaycanın ərazi bütövlüyününü dəstəkləyən fikirləri ciddi təhqir və tənqidlərə məruz qalır.

 

Bu azğın və siyasiləşmiş zombilər Xankəndinə hücum etməyi xüsusi pafosla püskürürlər. Amma bizim hədəfimiz Xankəndinə hücum etməkdirmi? Xeyr! Orada yaşayan mülki əhalinin taleyi və təhlükəsizliyi əsas prioritetlərimizdəndir. Ərazilərimizdən separatçıların təmizlənməsinin isə daha dolğun üsulları var. Bəs, buna hansı yolla və hansı mərhələdə nail olacağıq, bu başqa məsələdir…

 

Ermənistanla bağlı problemlərin həllində hansı yol məqbul və məntiqlidir? Heç şübhəsiz ki, prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət alternativ tanımır və bu siyasət özünün müstəqil, tərəfsiz spesifikası ilə seçilir. Klassik və primitiv siyasilərin, onların şinelindən çıxan işarəli “patriot”ların populist çıxışları da lazımdır. Amma dövlətin mexanizmləri başqa cür işləyir.

 

Samir Feyruzov